Şəhidlər qanlı paltarda dəfn olunmalıdır

Şəhidlər qanlı paltarda dəfn olunmalıdır
20 Yanvar şəhidlərinin yaxınları niyə buna qarşı çıxdı?

İslam dininin qaydalarına görə, şəhidlər qüsl edilmədən kəfənsiz, qanlı paltarlarında dəfn olunmalıdırlar. Din üləmaları, bunu onunla əsaslandırırlar ki, qiyamətdə həmin qanlı libas onların öldürülmələrinin dəlil-sübutu kimi göstəriləcək. Elə illər öncə 1990-cı il yanvarın 20-si tarixində Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə də islam qaydalarını əsas gətirərək, 20 yanvar şəhidlərinin qanlı paltarlarında dəfn olunmaları barədə təklif vermişdı. Əslində, şəhidlər paltarları ilə dəfn edilməli idi deyən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev RealTv əməkdaşı ilə söhbətində nə ücün şəhidlərin qanlı paltarlarında dəfn olunmamaları səbəbinə belə aydınlıq gətirdi: "O dövrdə insanlarımız bunu fərqli başa düşürdü. O vaxt şəhidlərin doğmaları, yaxınları bu təkliflə razılaşmadıqları üçün bu elə təklif olaraq qaldı. Narazılığın olmaması üçün şeyx insanların istəyini nəzərə aldı. Şəhidlər kəfəndə dəfn olundular. 20 yanvar qurbanları, qanlı paltarlarında dəfn olunmasalar da doğmalarıı tərəfindən onların qanlı paltarları bu gün də saxlanılır. Çünki bu, bir tarixdir”.

Doğrudur, 20 yanvar faciəsindən nişanə, sübut kimi qalan paltarlar, tanklar altinda əzilmiş maşınların saxlandığı muzey olmasa da ortada barmaqla bir neçə şəhid ailəsinin öz doğmasının qanlı paltarını qoruyub saxlaması faktı var.

4 uşaq atası- 20 yanvar şəhidi Salman Baxşıyev. Hadisə olan gün qardaşı Əliqismətlə bir yerdə olub. Əliqismətin dedikləri:”Güllələr yağış kimi yağırdı. Biz məcbur olub yerə sərildik. Bir neçə adam yaralandı. Güllə qardaşım Salmanın da boğazından dəydi. Salman oradaca keçindi. Lənkəranda dəfn etdik. Bu günədək qardaşımın ailəsi onun qanlı köynəqinin saxlayır”.

20 Yanvar şəhidi İlqar Əhmədov - O vaxt Azərbaycan Politexnik İnstitutunun 4-cü kursunda oxuyurdu.19-dan 20-nə keçən gecə dostları ilə birlikdə Salyan qazarmasının yanında olub. Əsgərlər dinc əhaliyə divan tutan vaxt İlqar dostları ilə yaralıları və ölüləri maşınlara qoyub xəstəxanaya yola salırdı. Yaralılara kömək eləmək xoşuna gəlmədi imperiya xidmətçilərinin. Vurdular İlqarı da. Gecə saat 02.30 dəqiqədə.Güllə sol gözündən dəymiş, İlqar yerindəcə keçinmişdir.

 

Mərhumun ailəsi Gürcüstanda yaşayır. Oqlundan onlara qalan yadıgar qanlı paltarı olub. İlqarin ailəsi də bu günədək nə qədər ağir olsa da oğlunun o qanlı yanvar günündən qalan qanlı libasın saxlayır.

Aslan Ağaverdiyev həmin gecə saat 22:00 radələrində keçmiş Naxçıvan mehmanxanasının qarşısında güllələnib. Xəstəxanaya gətirilənə qədər 3 litr qan itirib.İşıqlar kəsildiyindən xəstəxanada çox ağır şəraitdə şam işığında əməliyyat olunsa da onu həyata qaytarmaq olmayıb və yanvarın 21-də şəhidlik zirvəsinə ucalıb. Şəhidin qızı aktrisa Mənsumə Aslanqızı bu günədək atasının qanlı köynəyin saxlayır.

O qanlı libaslar, qanlı günün nişanəsi, unudulmayacaq tarixin bir parçasıdır.

Afət Telmanqızı

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər