Mir Şahinin vaxtı - VİDEO (28.07.2019)

Mir Şahinin vaxtı - VİDEO (28.07.2019)

REAL Təhlil və İnformasiya Mərkəzində “Mir Şahin vaxtı”dır.

Salam. Kristal-Holl-a getmişdim. 15-ci Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasiminə. Gənclər və İdman naziri Azad Rəhimovla görüşdük. Müsahibəyə baxacaqsız. Amma bəzi fikirlərimi bölüşmək istərdim.

Avropa miqyaslı və rahatlıqla deyə bilirəm ki, keçirilməsi Azərbaycandan ötrü adi hal almış daha bir beynəlxalq hərəkət və düşüncə aksiyasının məndə yaratdığı təəssürat belədir: “Gələcəyin içində olmaq!” Qəribə səslənsə də, bəlkə dilimizin müəyyən qanunlarına uyğun gəlməsə də belədir. Kristal-HOLL qarışıq Bakı, Azərbaycan parlaq, rəngarəng, pozitiv yüklənmiş, şən və şaqraq bir gələcəklə dolu idi. Burdakı ruh, ab-hava, gənclərin davranışı böyük dövlət bəxtəvərliyinin üzə vuran ifadəsi idi. Özü də bu əhval-ruhiyyənin miqyasında beynəlxalqlıq var idi. Azərbaycanlı Avropalı olduğu kimi, avropalı da azərbaycanlılaşmışdı. Burada zaman 2019-2020-ci ili göstərir və yerləşmə nöqtəsi çox yuxarıdır.

Bayrağını və dövlətini unudan insanlar?

Və buradan baxanda ictimai provinsiallıq, güruhvarilik, siyasi plebeylik, onun yeniyetmə və gəncləri 1990-cı ilin Məhsul stadionuna dəvət və təhrik etmək kimi geridəqalmışlıq təzahürü olduqca köhnə və nimdaş görünür. Mən maraqlı, dinamik bir gələcəyin içindəydim. Hisslərim başqa idi. Baxıb düşünür, paralellər aparırdım. Kristal-HOLL-da gələcəyin gənclərilə Məhsul stadionundakı keçmişin gənclərini yanaşı qoyurdum. Axı onlar niyə belə deyillər? Niyə burada deyillər? Avropanı burada niyə qarşılamırlar? Niyə Avropadan yalnız güruhun küçə emosiyalarını, vətənə ögey, bədənə gey münasibətini əxz etməyə çalışırlar? Niyə mütaliə etmir, normal musiqiyə qulaq asmır, normal filmlərə baxmır, niyə ictimai sağlam mühitin tərkib hissəsi olmaqdan yayınır, virtual avaralar, internet tapdıqları, imzasız, adı, soyadı naməlum insan damcıları kimi mövcud olmağı daha üstün bilirlər? Axı onlar da bu dövlətin vətəndaşlarıdır, onların idmanla məşğul olub ən azı çempionluq uğrunda mübarizə aparmalarına kimsə mane olmur. Niyə onlar hər birinci yerlə səsləndirə biləcəkləri Himnimizdən, hər mükafat pilləsində qaldıra biləcəkləri Bayrağımızdan belə uzaq düşüblər? Niyə Azərbycanda yaşayaraq özgələşiblər? Öz həyatlarının ən yaradıcı hissəsini ən dağıdıcı ruha bağışlayıblar? Onların xaricdəki tay-tuşları bəs? Niderlandın, Almaniyanın küçələrinə səfil-sərgərdancasına qatılmaqdansa mütərəqqi, işıqlı bəşəri dəyərlərlə nəfəs-nəfəsə məhz Bakıda, Azərbaycanda olmalı deyillərmi? Evinə qələn, ayağına gətirilən yaxşı Avropalılığı, dünyalılığı qaralamamaq, əlinə düşmüş fürsətdən bəhrələnmək lazımdır.

Kristal-HOLL sadəcə bir paytaxt ünvanı, tədbir məkanı deyil. O Festivalın keçirildiyi bütün arenalar daxil olmaqla daha geniş idi. Şərti olaraq da Kristal HOLL adlandırdğımız ümumi Festival məkanına qəlmək, kompleksə salınmış, hər şeyin pis olduğu barədə ifratdan da ifrat doza aldığın qara güruhun içindən sıyrılıb sıxmaq, bu xoşbəxt, musiqi və rəqs, idman və sağlam Avropa ovqatına, Yeni, Gələcəyin Azərbaycanına qovuşmaq lazım idi. Burada olub olmamağına baxmayaraq. Ruhunla, beyninlə burada olmaq, Azərbaycanlı olmaq, Azərbaycanla olmaq lazım idi. Çelsi-Arsenal oyununun niyə Bakıda keçirilməsi barədə əskik-üskük söhbətlərlə içini qaraldıb ətrafı üfunətə bulaşdırdığın kimi, Olimpiya Festivalının qarasınca danışmaq yox, sadəcə gəlmək və qatılmaq! Sevinmək və Azərbaycan adına qürurlanmaq! Öz övladını Azərbaycan ordusuna, Ali Baş Komandana etibar etdiyindən qürurlandığını gizlətməyən Müsavat başqanı Arif Hacılı kimi. Sadəcə qürurlanmaq. Nazirlə danışanda yadıma bilirsiz hansı vaxtlar düşürdü? 1991-92-93-94-cü illər. İran lavaşı, ingilis çadırı, rus payoku... Və bu günün Kristal HOLL-unda Avropa miqyası! Avropa səviyyəsi. Özü də mən burada Avropanın yalnız sağlam tərəfini nəzərdə tuturam. Azərbaycanın öz eksklüzivliyini qorumaqla bəşəriləşmək hədəfinə çatmaq üçün lazım olan qədərini, həcmini.

Azad Rəhimovla söhbət edəndə bağlanış mərasiminin bədii hissəsi davam edirdi. Ona görə də fonda musiqi var. Bu texniki brak deyil. Əksinə gəlin hesab edək ki, təbii musiqi tərtibatıdır.

Siyasi plebeylik və ya Əli Kərimlinin "düşüncəsi"...

İndi isə qara güruhun vəd etdiyi gələcəyin nələrdən və kimlərdən ibarət olduğunu düşünək. Gələcəyi kim və harasında gətirmək istəyir? Hələ də təqvimində 90-cı illər olan, bu gün də 28 il əvvəl dağılmış Sovet itfifaqını dağıtmaq haqqında düşünən, beynində döyüş və cəbhə psixilogiyası saxlayaraq, adındakı cəbhəsi partiyası tək səhv söz birləşməsinin məntiqi səhv davamı olan siyasi uğursuzlar. Keçən dəfə efirə verdiyim bir çıxışdakı səhvi yenidən təqdim edirəm. Güruhun savadsız, məlumatsız, mexaniki idarəetməni belə sonadək əxz etməyən Kərimli, Kərimsiz liderlərindən birinin təsadüfən buraxdığı, amma şüurun təbii vəziyyətini mükəmməl göstərən səhv. Baxın, niyə bu səhvə qayıtdığımı izah edəcəm. Deməli, adam BBC-yə müsahibə verir.

Bilirəm bu saat kimisə hətta qıcıqlandırır ki, adamdır da, çaşıb səhv edib də, sonradan düzəldib axı... Hamımız bilirik ki, 21-ci əsrdir. Hə elədir. Səhvini sonradan müxbirin müdaxiləsindən sonra düzəldir. Amma qara güruhun Baş Aparanı, ya da başaparanı səhvi elə belə mexaniki etmir axı, düşünəndə səhv edir. İndi başqa bir parça göstərəcəm. Və bu səhv artıq mexaniki deyil. Azərbaycan rəhbərliyini Keşikçidağ insidentinə görə ittiham edən güruhbaşı delimitasiya sözünü bilmir.

Delimtasiya əvəzinə bir neçə dəfə demilitasiya deyir. Biz ikisini göstərdik. DE-Mİ-Lİ-TA-Sİ-YA! Yox, KƏRİMOV, DE-Lİ-Mİ-TA-Sİ-YA!

Ola bilsin ki, xırda məsələlərdir. Amma bu məsuliyyətsiz, savadsız, avam, məlumatsız, tərbiyəssiz, ümumiyyətlə bütün siz və sız sonluqlarına əlavə oluna biləcək ifadələrin yerinə düşən əvvəllərin intellektual vücudu belə və daha böyük səhvlərdən ibarətdir.

Əli Kərimli tərəfdarlarının kütləvi və ya kütlə tərbiyəssizliyinin bariz sübutunu hər an, hər dəqiqə, hər saat görə bilərsiniz. Elə bu saat bu verilişə baxarkən şərh yazanları izləyin. İntellekt yox, savad yox, qanacaq yox, mərifət yox, məntiq yox... Ancaq söyüş, ancaq təhqir, ancaq böhtan və dağıtmağa çağırış! Və bu da təbiidir. Çünki onlar başqa cür ola bilmirlər. Ola bilməzlər. Onlar tutduqları yolla heç vaxt uğur qazana bilməyəcəklərini bildiklərindəmi, bilmədiklərinmi belə aqressiv və tərbiyəssizdirlər, mənə aydın deyil. Amma burası aydındır ki, bütün mövqelər üzrə dövlətə uduzduqları göz qabağındadır. 26 ildir ki, eyni tatı çevirən vuran bu siyasət zavallılarının ardıcıllarının anaları, həyat yoldaşları, doğmaları yotube-üzərindən fəryad edir ki, evdə bir kilo kartof, 5 yumurta yoxdur, soyuducu boşdur, nəylə dolanaq, hara baxır çiçəklənən dövlət? İndi mən soruşuram, hara baxır sizin övladlarınız, oğul-qızlarınız, həyat yoldaşlarınız? Dövlət həm də onlar deyil? Niyə onlardan soruşmursuz? Niyə balalarınızın qulağından tutub iş buyurmursuz, demirsiz ki, ay oğul, ay bala, axı insaf da yaxşı şeydi. Nə vaxta qədər avara-avara istefa deyib, azad-lıq bağırıb avaralanacaqsınız, bir işin qulpundan yapışmayacaqsız. Amma dərhal da işin qulpu deyəndə dəqiqləşdirin ki, vəzifədən yox, işdən danışdığınız anlaşılın. Day sizə deməsin ki, Qazax gömrüyü, Tərtər prokuroru, Yardımlı Qaz idarəsi müdiri, prezident aparatında sektor müdiri, İtaliyada səfir postları boş deyil. İşin qulpu. Yəni bel, rəndə, masterok, fəhlə əlcəyi, inəyin altı, qoyunun üstü və s. Özünə qaytarın balalarınızı, kəndinə qaytarın. Torpağa qaytarın. İşləməyə öyrədin. Zəhmətə alışdırın ki, sabah günəşdən qorxub “Ay pambıq zəhərlədi deyə qaçıb damın altına girməsin” Ağsaqqallığı vaxtında edin ki, sonradan Qüdrət Piriyev kimi, Sevinc Osmanqızının, Orduxanın, Eldar Sabiroğlunun oğlunun qohumları kimi övladlıqdan, bacılıqdan, qardaşlıqdan imtina etmək barədə bəyanatlar verməyəsiniz. Özü də bu bəyanatlar da əslində bir niqabdır. Bir tərəfdən bəyanat verdim, məsuliyyət daşımıram, o biri tərəfdən isti kurtka götür oğul, dayan arxanca su atım. Bağışlayın bu riyakarlıqdır. Mövqeyinizi bildirin. Mövqeyinizi! Əliyev yolu yalnız vəzifə yolu deyil. Ya da o yol yalnız vəzifədə olmaq yolu deyil. Vəzifədən çıxdın-Əliyev yolundan çıxdın!-olmur. Növbəti söhbətlərimizdən birini Əliyev iqtidarının nazir, komitə sədri və başqa vəzifələr tutmuş, bu postlarda Heydər və İlham Əliyevlərə diferambalar oxumuş, işdən kənarlaşdırılandan sonra ağzına su alıb oturmuş dırnaqarası əliyevçilərə həsr edəcəyik. Mütləq edəcəyik. Gözləyin. Gözləsinlər. Həyat isə davam edir. Əliyevlə birgə.

Torpağı və tarixi qoruyan İlham Əliyev...

Azərbaycan Tarixinin İki ən Uğurlu liderindən birinin reseptilə Azərbaycan müvəffəqiyyətlər ərazisinə çevrilir. Onun hakimiyyəti dövründə Azəbaycan dövlət olaraq yalnız inkişaf edib. Xalqın içindəki 90-cı illərdən qalma məğlubluq sindromu, komplekslik aradan qalxıb. İlham Əliyev millətə, qalib gəlmək kimi unudulmuş bir daxili təntənənin ləzzətini, ruh yüksəkliyini qaytardı. İdmanla, Avroviziya ilə, BMT Təhlükəszilik Şurasının sədri olmaqla... İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan torpaq itirməyib. Mən bir dəfə dediyim bu fikri təkrarlayım. Əliyev bu baxımdan müstəqil Azərbaycanın yeganə lideridir. Və nəinki itirməyib. Hətta geri qaytarıb. Prezidentin köməkçisi Əli Həsənovu bu fikirlərinə görə tənqid, təhqir edənlərin diqqətinə. “Bəli, həqiqətən “2016-cı il aprelində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlarkəndi və Madaqiz kəndi istiqamətində yollar azad olundu. 2018-cı il may ayında Azərbaycan ordusu Şərur rayonunun Günnüt kəndini, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağını erməni işğalından azad etdi, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçdi. Bu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan yaratdı. Bunu Azərbaycan döyüşçüsü və hərbçisi etdi. Bu ordu etdi. Bu Ali Baş komandan etdi!

İndi isə bu kadrlara baxaq. İlham Ələkbərovun çəkdiyi kadrlara. Əsgər nə qədər möhtəşəm olsa da Qara Güruh idarəçiliyində başqa nəticə ola bilməzdi. Baxaq və 1992-ci ilin Cəbhəsi-partiyası hakimiyyətinin çürüyən, qurd basan addımları ilə geri qayıdaq. Yəqin o zaman əsgərlərimizə boz qurd o qurdlara görə deməliymişik...

İndi Azərbaycanda bütün mühüm istiqamətlər üzrə islahatlar gedir. Və bu islahatlar heç də o demək deyil ki, hər şey səhv idi, hər şey bərbad idi, Əliyev düzəltməyə başladı. Yox. İslahatlar bir inkişaf mərhələsini bitirib başqa inkişaf fazasına keçməkdir. Amma təəssüf ki islahatlar islah olunmazları heç cür dəyişə bilmir. Məsələn, 90-ci illərin Lenin Meydanı və Motodromunda da, son illərin Məhsul stadionunda da elə 90-cı illərin təqvimini bölüşən qara güruhun imkanı olsa yenə Parlament binasının şüşələrini sındırar, ya da Parlamentin alnının ortasını qratamyotlayar, necə ki bunu 1992-ci ilin may ayının 15-də sərrast şəkildə etmişdi. O mərmi yerinin üstündə indi gerbimiz durur. Və mənə bəzən elə gəlir ki, cəbhəsi-partiyası adlanan əbədi qarşıdurma güruhunun gözləri gerbdə yox, elə onun altında, öz doğma mərmilərinin açdığı deşikdədir. Və o qara dəliyə baxanda yəqin xəcalət yox, xiffət çəkirlər. Bu gün bir sıra müsəlman ölkələrində yaşanan fəlakətlər Azərbaycanda artıq olub. Məhz cəbhəsi-partiyası zamanında. Gerbimizin altında qranatamyot yarası var. O yaranın gözü həmişə açıqdır. Gəlin o gözdən bu günə baxaq. Baxaq görək cəbhəsi-partiyası güruhunun müsəlman Azərbaycanına anons etdiyi inqilab necə görünür. Diqqət. Gerbimizin altındakı yaranın gözüylə baxırıq.

Bura Liviyadır. İnqilabdan əvvəl və inqilabdan sonra.

Bura isə Suriyadır. İnqilabdan əvvəl və inqilabdan sonra. Baxın. Diqqətlə baxın. Biz demokratiyanın, insan azadlıqlarının əleyhinə deyilik. Bir mediya işçisi olaraq biz də eyni tələbat zərurətlisiyik. Amma güruh Qaponlarının, Kərimlilərin, Kərimsizlərin, savadsızların, naşıların, avantüristlərin ifasında sonu belə olur. Suriyadakı kimi. İnqilabdan əvvəl və sonra.

Daxilən ərəb inqilabının sağdan sola əlifbasında ilişib qalan güruh guya əslində Avropa dəyərlərini Azərbaycana daşımaqdadır. Öz aləmlərində belə düşünürlər. Amma onların öz aləmləri bizim də aləmimizdirmi? Yox əlbəttə. Biz eyni kitabları oxumur, eyni antirespirantlardan istifadə etmirik. Mən güruhbaşı Kərimlini REAL-ın hüquq departamentinə sıravi hüquşünas götürmək barədə hələ uzun müddət düşünərdim. Günəşi küləş, delimitasiyanı demilitasiya oxuyan bir savadsız yəqin ki, öz ixtisası üzrə uzun müddət işləmədiyindən məsələn, mənim tapşırığımla hansısa quruma məktub yazmağı da bacarmaz. Onların demokratiya qibləsi saydıqları ölkələrə gedənlərimiz arasında yalnız vətənimizə qarşı açıq mövqe nümayiş etdirənlər muzd alır. Antivətən muzdurları! Bəs qalanları? Qalanları... heç nə, ya həmin ölkələrdə səfillərin, dərbədərlərin sayını artırırlar. Ya da bu yaxınlarda Azərbaycana qayıtmağa üzü olmayan zavallı bir xanım kimi intihar edirlər. Ora üz tutan sadə müsəlmanların aqibəti başqadır. Miqrantlaşırlar. Avropa belə arzuolunmaz hamiləliklə sərt mübarizə aparır. Azərbaycanda, ağzı isti yerdə olan güruhbaşıların xaricdə pul qazanmaq, insan alverinin başqa növü kimi istifadə etdiyi Türkellərin, antitürk, antiel kimi dərvişlərin iki barmaq arasından göstərdikləri butanın o tayına ağzı sulana-sulana baxanlar hələ varsa, əvvəlcə İzmediyanın bir sənədli filminə də baxsınlar. Ötən bazar günü biz onların “Ölümə səfər” filmini təqdim etmişdik. Bu dəfə Eynulla Fətullayev və İdris Hydərlinin “Soyuq Demokratiya” filmini təqdim edirəm. Mən müəlliflərə 1992-ci il, may ayınını 15-də Azərbaycan gerbinin altında açılmış yaranın gözü ylə uzaq Avropaya baxmaq imkanı yaratdığlarına görə təşəkkür edirəm. Baxın kabab ardınca gedirsiz. Amma.

Filmin əvvəlində bir kadr var. Ona təkrar baxaq. Əzablı kadrdır. Amma baxaq. Avropa ayağı və müsəlmanın başı. O ayaq qədər işləmir.

“Üzüm ayağının altına, Ay Avropa!” deyənlər, gözünüzün qabağına bu kadrları gətirin. Burda doğrudan sənin üzün, ayaq altındadır.

Qayıdaq Azəbaycana. Onun qanunları ilə fəxr edək. Onu qaralamaq, gözdən salmaq əvəzinə. Güruhbaşılar Azərbaycanda yaşasalar da bura onların vətəni deyil. Bizim isə vətənimiz buradır. Bura. Azərbaycan. Kifayət qədər həssas və hiss olunacaq dərəcədə gərgin geosiyasi vəziyyətin içindəyik. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasındakı qarşıdurmanı amansız da, güzəştsiz də adlandırmaq olar. Amerika tarixinin ən birbaşa və sətiraltısız Prezidenti Donald Tramp rəhbərlik etdiyi dövlətin iradəsinin alternativsiz olduğunu nümayiş etdirmək üçün diplomatik üsul axtarmır. Bütün görünüşüylə nümayiş etdirir ki, onun qalstukundan uzunu yoxdur və istədiyi dövlətin boğazına keçirə bilər. Diqqətli müşahidəçilərin gözündən qaçmamalıdır ki, Tramp reallığını bütün dünya nəzərə alır. Tramp təkcə bir ölkənin Prezidenti deyil, həm də yeni beynəlxalq davranış sisteminin insan görünüşündə ifadəsidir. Etiraf edilsə də, edilməsə də məhz bu sistemə düzlənmək, yeni vəziyyətə, daha doğrusu elan olunmuş yeni beynəlxalq düzən və ya qaydasızlıqdan sonra yaranmış reallığa uyğunlaşmaq lazım gəlir. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasındakı qarşıdurmanın mahiyyətində məzmunla məntiqəuyğun olmayan iki fəlsəfə dayanır. İran islam Respublikasının ideoloji cəbbəxanasında islama, dinə, onun şiəlik məzhəbinə istinad var. Amerika Birləşmiş Ştatları isə bu xəttə qarşı xristianlığı qoymur. O mübarizəni insan haqları və azadlıqları, demokratiya adı altında aparır. Yəni demokratiya niqabı, növbəti dəfə din hicabına qarşı. Amma ilk baxışda hədəfin din təmayülünə vurğu salınmır, Ağ Ev İranı şəriətə yox, şəraitə görə, insan haqlarını pozmaq və terrora dəstək vermək kimi hallarla bağlı iittiham edir. İki od arasında qalan Azərbaycan İran İslam Respublikasıyla yaxın qonşu və dost münasibətləri saxlayır, Amerika Birləşmiş Ştatları ilə uzunmüddətli strateji əlaqələrə malikdir və Bakıyla Vaşinqtonu beynəlxalq təhlükəsizlik sistemində qarşılıqlı dəstək və etimad birləşdirir. Və elə buna görə də Bakı Tehran-Vaşinqton münasibətlərinin korlanmaması, burnumuzun ucunda müharibə təhlükəsinin yaranmaması üçün dua etməlidir. Və təkcə duamı, yox əlbəttə. Burada biz Azərbaycanın dipolmatik təbiəti, beynəlxalq xarakteri barədə daha açıq danışmalıyıq. Yeni dünya qaydalarına görə Azərbaycanın xarici siyasətini İlham Əliyev belə təqdim edir: Balanslaşdırılmış yox, milli maraqlar siyasəti. Balanslaşdılrılmış siyasət bir anlayış olaraq başqalarının maraqlarına toxunmamağı üstün tutmaqdır. Milli maraqlar isə öz dövlətinin mənafelərini prioritet kimi saxlamaqdır. Amma burada qəribə bir nüans var. Milli Maraqlar nə qədər ön plana çıxsa da Azərbaycan özünə qapanmır, daha çox qloballaşır, bəşəriləşir. Qoşulmama hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının oktyabrda Bakıda keçiriləcək 18-ci zirvə Görüşü Əliyevin çox şaxəli beynəlxalq siyasi konsepsiyasnın daha bir təsdiqidir. Bu konsepsiya Azərbaycanı bütün dünya üçün mühüm platformaya çevirir. Ən müxtəlif beynəlxalq məsələlərin, dini mövzuların, mədəniyyətlərarası, sivilizasiyalararası dünyagörüşlərin ortaq masaya çıxarılması, bütün qitələri birləşdirən idman yarışlarının yalnız islama aid olmayan rəngdə yaşıl meydanımıza dəvət edilməsi...məhz həmin konsepsiyanın tərkib hissələridir. Təsəvvür edin, dünya xalqlarını Bir Planet ətrafında birləşməyə, qovuşmağa çağıran 4-cü sənaye transfarmasiyası təfəkkürünün lideri böyük Amerika Birləşmiş Ştatları Qonşularından qorunmağa Divar tikir, ona pənah gətirənlərin qarşısına sədd çəkir, amma kiçik Azərbaycanın sərhəd və qonşularına yanaşma prinsipi yeni planetçiliyə xasdır. Bu baxımdan oktyabr Azərbaycanı yenidən Beynəlxalq Diplomatiya Paytaxtına çevirəcək.

Sərhəddən danışırdıq az əvvəl. Bir həftə əvvəl Azərbaycan sərhədçilərinin Keşikçidağda nümayiş etdirdiyi soyuqqanlılıq, təmkin bizi riqqətə gətirmişdi. Bu dəfə yenə də həmin sərhədçi ön xəttə çıxdı. İran dənizçilərini xilas etdi. İlk baxışda bəlkə də kiməsə adi xilas əməliyyatı kimi görünə bilər. Amma dünya okeanının bir bucağında bir, başqa bir bucağında başqa tankerin saxlandığı zamanda, İran gəmisini xilas etməkdən də açıq bir ümumdünya alicənablığı nümunəsi ola bilərmi? Özü də kimlərin, hansı güclərin qarşısında? Bəzən daxilə nüfuz etmirik. Amma gəlin baxaq. Bir yanda Keşikçidağ provakasiyası və Azərbaycanın hesablanmış hərəkətləri nəticəsində münaqişə ocağına çevrilməmiş insident, başqa bir tərəfdə Tacikistan və Qırğızıstan sərhəddi. Eyni məqsədlə hazırlanmış iki senari. Azərbaycan çoxəsrlik qardaşlıq və dostluq xəttinə nankor çıxmadı. O göstərdi ki, bağışlamağı bacarır, amma torpağı yox, səhvi! Beləliklə, Azərbaycan həm bəşəriyyətə açıq olan, sərhədləri ayıran yox, birləşdirmək vəsiləsi tək qəbul edən bir dövlət olduğunu nümayiş etdirir, həm, məsələn elə bu günlərdə Ermənistan-Azərbaycan sərhəddinin Qazax istiqamətində düşmən tərəfə verdiyi sərt cavabla nalayiqə layiqli yerini göstərir.

Və... Və... Əlbəttə həftənin əsas hadisələrindən biri. Türkiyə ilə viza rejimini aradan qaldırmaqla hamıya anladır ki, qardaşlıq imtahanından alnıaçıq, üzüağ çıxanlara qapımız öz qapısı qədər və kimi açıqdır! Əlbəttə, bu yalnız Azərbaycanın qədr-qiyməti, beynəlxalq çəkisinin yaratdığı reallıq deyil. Türkiyə geosiyasi qüdrət olaraq öz üstünlükləri və yararlı olmaq imkanları ilə ortadadır və yeri gəlmişkən Rusiyanın Türkiyəylə viza rejimini ləğv etməsi də bu gerçəkdən xəbər verir. Vizalı Türkiyə Azəbaycanın yanındaydı. Vizasız qardaşlarımız isə içimizdə olacaq! Azərbaycan Türkiyəyə vizasız rejimi məhz bu arada tətbiq etməklə ən yüksək səviyyələrdə sanksiyalarla hədələnən qardaş ölkəyə özünəməxsus dəstək və təsəlli verdi. Bəzən sadəcə bir jestin tarixi mənası olur! Yeni sərhəd anlayışı ilə yeni planet qaydalarına uyğun davranan Bakı keçmiş sovet məkanının bir sıra tənəffüs dövlətlərindən fəqrqli olaraq Avropa Birliyi ilə vizasız gediş-gəliş uğrunda mübarizədə hər yerini açıq qoymaq niyyətində deyil. Bu qurumla imzalanacaq saziş də dövlət maraqlarımıza uyğun olmayınca yaxın buraxılmayacaq və eyni zamanda qarşı tərəflə Azərbaycanın mənafelərinin xırpalanmadığı müddəlar məmnunluqla razılaşdırılacaq. Başlıcası budur ki, Azəbaycan artıq müstəqil dövlət kimi tam etibarlılaşıb. Mən hər birimizi təbrik edirəm. Bayram deyil, yox, bilirəm, sadəcə bu dövlətə görə, öz müstəqil dövlətimiz olduğuna görə, özümüzə görə, hər birimizə görə təbrik edirəm. Hansısa bayrama yox, adi iş günlərinə, sadəcə bu ölkədə yaşadığımız hər müstəqil saata görə təbrik edirəm!

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə