Dünya “mavi ölüm”lə üz-üzə (VİDEO)

Dünya “mavi ölüm”lə üz-üzə  (VİDEO)
Bir sıra ölkələrdə vəba qarşısıalınmaz təhlükəyə çevrilib

Yayılma sürətinə və ölüm sayına görə təhlükəli xəstəliklərdən biri olan vəba dünya ölkələrində, xüsusən Afrika, Ərəb dövlətlərində sürətlə yayılmaqdadır.

Ən acınacaqlı vəziyyət hazırda Yəməndə hökm sürür. 2019-cu ilin 6 ayı ərzində bu ölkədə 460 min nəfər vəba xəstəliyinə yoluxub.

Onlardan 200 minə yaxını uşaqlardır. Bu ilin əvvəlindən Yəməndə azı 705 insan bu xəstəlik səbəbindən ölüb.

Dünya Sağlamlıq Təşkilatının hesabatlarına əsasən təkcə may ayında ölkədə 11 min nəfər vəbaya yoluxan var idisə, 10 gün sonra bu rəqəm 40 minə yüksəlib. Silahlı münaqişələrin davam etdiyi, aclıq və səfalətin, antisanitar vəziyyətin hökm sürdüyü, təmiz su və qida tapılmayan ölkələrdə yayılan vəba indi bütün dünya üçün təhlükə saçır.

Qloballaşma, dövlətlərin qaynayıb qarışdığı indiki şəraitdə Azərbaycan da bu xəstəlikdən sığortalanmayıb.

Ölkəmizə bir sıra xarici dövlətlərdən yüzlərlə turist səfər edir. Nəzərə alsaq ki, vəba xəstəliyi əsasən yoluxmuş insanla qarşılıqlı təmas və içməli su vasitəsilə yayılır, bu baxımdan ehtiyatlı olmağa dəyər. Bəs ölkəmizdə bu qorxulu xəstəliklə mübarizə necə aparılır?

Səhiyyə Nazirliyi yanında Respublika Taun Əleyhinə Stansiyadan REAL TV-yə verilən məlumata əsasən, Azərbaycanda vəba xəstəliyi ilə bağlı vəziyyət daim nəzarətdə saxlanılır. Ölkəyə gedib gələn yerli və xarici vətəndaşların səhhətində hansısa oxşar əlamətlər aşkarlanarsa, həmin şəxslər müvafiq səhiyyə müəssisələrində tibbi müayinədən keçirilir:

Taun Əleyhinə Stansiyanın direktor müavini indiyə qədər nə su nümunələrində, nə də kəskin bağırsaq infeksiyası olan xəstələrdə vəba xəstəliyinin törədicisi olan vəba vibrionları aşkar edilib. Ümumiyyətlə isə ölkəmizdə son 20 ildə vəbaya yoluxma qeydə alınmayıb.

Qeyd edək ki, vəba nazik bağırsağın infeskion xəstəliyidir. Əsasən çirkli su və qida ilə yayılan bu xəstəlik üçün güclü zəhərlənmə, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Güclü ishal nəticəsində xəstəliyə yoluxanların bədənlərində su və duz tükəndiyindən, təcili müalicə edilmədiyi halda qısa vaxt ərzində ölümlə nəticələnir. Bədəndə maye qurtardığına görə vəbadan ölən şəxslərin dərisi mavi rəngə çaldığına görə ona "mavi ölüm” də deyilir.

Amma vaxtında müdaxilə olarsa, vəba asan müalicə olunur. Xəstəliyin törədicisi olan vibrionlar qaynadıldıqda, habelə xlorlu məhlulunun təsirindən tez məhv olur. Eyni zamanda vəbaya qarşı vaksinlərdən istifadə edilir ki, bu peyvəndlər 6 ay müddətində təsirli olur.

Xatırladaq ki, ötən 200 il ərzində 7 vəba pandemiyası baş verib. Dövrümüzdə baş verən ən dəhşətli pandemiya isə 2010-cu ildə Haitidəki zəlzələdən sonra müşahidə olunub. Həmin vaxt 700 min nəfər vəbaya yoluxub və 9 mindən çox insan ölüb.

Haitidə vəbanın yayılmasına səbəb isə əsgərlərin zəlzələ zamanı ölənlərin cəsədlərini içməli su mənbəyi olan çaya atmaları olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə