Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

Ədliyyə Nazirliyində məhkəmə və digər orqanların qərarlarının icrası, o cümlədən məhkəmənin müəyyən edilmiş fəaliyyət qaydasının təmin edilməsi sahəsində 2019-cu ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Tədbiri giriş sözü ilə açan Ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkə Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanına əsasən icra xidmətinin fəaliyyətinə dair görülən işləri qeyd edib.

Nazir müavini bildirib ki, Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması üzrə konkret tədbirlər görülüb, qanunvericilik təkmilləşdirilib, həmçinin İcra Məcəlləsinin layihəsi hazırlanıb, icranın alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilərək müvafiq təkliflər verilib.

İclasda görülmüş işlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd edilib, mövcud problemlərlə bağlı İcra xidmətinin məsul işçiləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

Müşavirəyə yekun vuran nazir müavini vətəndaşların hüquqlarının təminatında mühüm rol oynayan məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, xüsusilə sahibkarlıq fəaliyyəti və alimentlə bağlı icra işlərinə nəzarətin gücləndirilməsi, məhkəmələrin müəyyən edilmiş fəaliyyət qaydasının səmərəli təminatına diqqətin artırılması, "Elektron icra" informasiya sisteminin və "Elektron sənəd dövriyyəsi"nin tətbiqinin genişləndirilməsi ilə bağlı konkret göstərişlər verib.

Həmçinin, icra xidmətinin yerli qurumlarının fəaliyyətinə nəzarətin artırılması, icra məmurlarının peşəkarlığının yüksəldilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması tapşırılıb, etik davranış qaydalarına dönmədən əməl olunmasının, korrupsiyaya şərait yaradan halların yolverilməzliyinin icra məmurlarının ən ümdə vəzifəsi olduğu vurğulanıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə