Mir Şahinin vaxtı - VİDEO (14.07.2019)

Mir Şahinin vaxtı - VİDEO (14.07.2019)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdı.

Heydər Əliyev yolu və misilsiz xidmət

Maraqlı və tarixi bir tarixin içindəyik. Azərbaycanda Heydər Əliyevçiliyin 50-ci ili başa çatır. 100 yaşını arxadan qoyan Azərbaycan Cümhuriyyətinin 50 ili Heydər Əliyevin adı ilə bağlıdır. Tən yarısından da bir il artıq. 51 ili. Heydər Əliyevin Azərbaycanı budur. Bu gün yaşadığımız. İşlədiyimiz. Vətəndaş olduğumuz. Heydər Əliyevlə bəzən yanaşı adlar da çəkilir. Məsələn kimi Nəriman Nərimanovun, bir başqası Məhəmməd Əmin Rəsulzadənin, hətta Elçibəyin adını çəkənlər tapılır. Ola bilsin başqaları da var. Bu sıralamada adların yerlərini dəyişirlər də. Bəzən biri ikinci, biri üçüncü olur. Əlbəttə bu da təbiidir. Müqayisə təhlilin mühüm komponentidir. Amma Heydər Əliyevin adını onların heç birinin adıyla yanaşı çəkməzdim. Çünki o şəxsiyyətlərin bütün xidmətlərini nəzərə almaqla Əliyevin həm ideoloji, həm bioqrafik həcm etibarilə misilsiz olduğunu etiraf etmək lazımdır. Birinci dünya müharibəsindən sonra Rusiyanın dağılması ilə müstəqil olmaq şansı qazanmış və 23 ay sonra bu fürəsti acınacaqlı məğlubiyyətlə itirmiş Rəsulzadə də daxil olmaqla Cümhuriyyətçiləri, yəni Rəsulzadə və komandasını yəqin 1991-ci ildə Sovet İttifaqınının dağılması ilə müstəqillik qazanmış və sonradan eyni acınacaqlılıqla hakimiyyəti itirmiş Mütəllibovla müqayisə etmək olar. Özü də burada Ayaz Mütəllibovun finiş vəziyyəti Məhəmməd Əmin Rəsulzadəgilinkidən daha yaxşıdır. Çünki Mütəllibov Xalq Cümhuriyyətinin yaradıcılarından fərqli olaraq dövlət müstəqilliyini yox, yalnız hakimiyyəti itirmişdi. Beləliklə, mən Məhəmməd Əmin Rəsulzadə və komandası ilə Elçibəyi və komandasını yox, məhz Ayaz Mütəllibovu və komandasını müqayisə edirəm. SSRİ dağılandan sonra yaradılmış müstəqil dövlətin rəsmi imzası Ayaz Mütəllibov olmuşdu. Elçibəy və onun komandası isə etdiyi çevrilişin nəticələrini Prezident seçkilərilə rəsmiləşdirib sadəcə növbəti hakimiyyətə gəlmişdilər. Beləliklə, əgər Rəsulzadə müqayisə olunmalıdırsa ya da, onunla müqayisə zərurəti varsa heç şübhəsiz bu paralel Ayaz Mütəllibovla aparılmalıdır. Elçibəy isə ümumiyyətlə bu paralelə girmir. Ona görə ki, müstəqillik onun zamanında qazanılmayıb. Nə gerb, nə himn nə də digər atributların qazanlması Elçibəylə bağlıdır. Elçibəy qurulu dövlətin başına gəlib. Daha doğrusu, rəhbərlik etdiyi qüvvələrlə birlikdə zorakı yolla hakimiyyətə gəlib. Yəni ikinci Məhəmməd Əmin Rəsulzadəni və ya Ayaz Mütəllibovu devirib və yerini tutub. Sonra isə hakimiyyəti buraxıb. Yüngül desək belə. Dövlət müstəqilliyini isə yalnız ona görə itirməyib ki, dürüst qərar qəbul edərək hakimiyyət ustadı Heydər Əliyevi hakimiyyətə dəvət edib.

Güclü müstəqillik və qlobal inteqrasiya yolu

Əliyev isə öz miqyasına, həcminə, gördüyü işlərə görə yəqin ki heç bir Azərbaycan rəhbərilə müqayisə olunmamalıdır. O öndərdir. Adların çəkdiyim başqalarından fərqli olaraq. Çünki öndər adına iddialı olan başqalarının yolu bütün hallarda eyni mənzilbaşına, ya da başsızlığına aparıb çıxarırdı. Heydər Əliyevçiliyin Azərbaycana bir ideologiya kimi gəlişinin təhlili bütün bu səbəblərə görə daha çox vaxt aparacaq. Əvvəla o 1969-cu ildə müstəqil dövlətə rəhbər seçilməmişdi, Sovet İttifaqının 15 rayonundan birinin- Azərbaycanın Kommunist Partiyasının Mərkəzi komitəsinin birinci katibi təyin edilmişdi. Moskva təyin etmişdi. İmperiyanın mərkəzi-Kreml. Azərbaycan Sovet Sosialist respublikasının rəhbəri kimi Kommunist Partiyası Mərkəzi Komitəsinin tapşırıqlarının icrası üçün. Və Əliyev eyni zamanda Azərbaycanı müstəqil dövlətliyə hazırlamağa başladı. Onun rəhbərliyi altında Azərbaycan rəqib sovet respublikalarını arxada qoyur, birinci yerə çıxır, lider olurdu. Söhbət yalnız sosializm yarışlarından, pambıq, üzüm qələbələrindən, qurultaydan-qurultaya təyin edilən öhdəliklərin artıqlamasilə yerinə yetirilməsindən deyil, həm də srağagünədək sovet bostanı tək tanınan aqrar xarakterli bir sovet ucqarının, onun başıqaxınclı vətəndaşlarının qürur və özünəinamının yavaş-yavaş geri qaytarılmasından gedir. Hər beşilliyin sonunda Azərbaycana verilən keçici qırmızı bayraqlar Moskvadan daha çox vəsait cəlb edilməsi idi. Bu pulların Azərbaycan vətəndaşının rifahına yönəldilməsi idi. Respublikanın Kreml dotasiyasından asılılığının azaldılmasıydı. Əliyev sovet idarəçiliyinin-“hamı bir nəfər, bir nəfər hamı üçün!” kodeksini ustalıqla Azərbaycanın iqtisadi-maliyyə əlahiddələşməsi yoluna döndərə bilirdi. Onun Kremlə-SSRİ Nazirlər Soveti rəhbərliyinə dəvət olunmasının da bir səbəbi yeni lider tipinin ən yüksək səviyyədə etirafı idi. Əliyev Azərbaycanı güclü və müstəqil etmək missiyasını daha əlverişli nöqtədə davam etdirirdi. Ən Yeni tarixçilərimizin nədənsə ehtiyatla üzərindən keçdiyi bir məqama da toxunum. 1988-89-cu illərdə Azərbaycanda başlanan milli oyanışda Əliyevin rolundan bəhs edək. 1988-89-cu illərdə o zamankı Lenin meydanına çıxan minlərlə insanın Moskvadan, Əliyevin əlilə idarə olunması barədə elə Mərkəzi Komitənin “Kommunist” qəzetində az yazılmırdı. 10 minlərlə insanın özbaşına meydana çıxması heç bir məntiqə sığmırdı. Tribunlar, mitinq aparıcıları da etiraf edirdilər ki, meydan özü özünü idarə edir. Məncə burada “öz” axtarışı aparsaq araşdırmamız birmənalı şəkildə Əliyevin üzərinə aparıb çıxaracaq. Axı nə qədər ki hakimiyyətdə, Kremldə idi Əliyevin Ermənistan SSR-in Qarabağ iddiasının qarşısını alması mümkün idi. Hakimiyyətdən gedəndən sonra isə artıq proseslərə inzibati təsir imkanları yox idi. Qalırdı Azərbaycan xalqının etiraz aksiyalarının təşkili və idarə etmək və heç omazsa bu yolla Moskvanı ədalətli qərara vadar etmək. Mən o zaman da, yəni hələ tələbə olarkən, sonra da, elə indi də Lenin meydanında başlayan aksiyaların arxasında Əliyevin olduğuna inanmışam və bu gün də o fikirdəyəm ki, Milli Azadlıq hərəkatının təşkil edilməsində Heydər Əliyevin rolu şəksizdir. Uzağa niyə gedək ki, o zaman yataqxanalara, biz asi tələbələrlə ideoloji söhbət aparmağa gələn məsul şəxslər Lenin meydanına toplaşan adamların Əliyevin tapşırığı ilə yığışdığını demirdilərmi? Bizi onlara qoşulmamağa çağırmırdılarmı? Hətta Famil Mehdinin bu mövzuda yazdığı bir məqalədə konkret şəkildə bu məsələ izah edilirdi, təhlil edilirdi. Yeri gəlmişkən, biz sonradan, artıq o hakimiyyətə dəvət olunandan sonra da dəfələrlə şahidi olduq ki, Əliyev ən çətin məqamlarda xalqa müraciət edir. Elə 1992-ci ildə Naxçıvan oktyabrında da, 1994-cü ilin Bakı oktyabrında da, 95-ci ilin Mart qiyamında da belə olmuşdu. Bir sözlə Əliyevin Azəbaycanda gedən proseslərdə iştirakı labüd idi. Mütləq idi. Moskvadan Azəbaycana qayıdandan sonra isə Milli Azadlıq hərəkatıının növbəti mərhələsi onun Naxçıvan Ali məclisinə sədr seçilməsilə bitdi. Doğrudur rəsmən bayram deyil, amma məndən ötrü 1991-ci il sentyabr ayının 3-ü xüsusi tarixdir. Və mən o seçkiləri Azərbaycan tarixinin ən həlledici seçkilərindən biri, bəzi xüsusiyyətlərinə görə isə ən tarixisi hesab edirəm. Azəraycanın müstəqillik paytaxtı Naxçıvan olmuşdu. Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyə başlamasının ilk tarixi buradan başladı. Sovet Ordusunun Azərbaycanda tərk etdiyi ilk ərazi də Əliyevin idarə etdiyi Naxçıvan oldu. Burda xüsusi bir nüans üzərində dayanmaq istəyirəm. Heydər Əliyev yolu bir qayda olaraq təklif yox tələbə söykənir. Ümumiyyətlə o bütün bu mərhələlərə xalqın təkidli tələblərilə adlayıb. Elə Naxçıvan Ali Məcliinə sədr seçkiləri zamanı da o namizədliyini bir neçə dəfə geri götürmüşdü, hətta ondan ötrü ən ümdə vəzifənin yaşının bu vaxtında çiyninə tüfəng salıb ermənilərlə döyüşə yollanmaq olduğunu demişdi. Və burda da təəccüblü heç nə yox idi. Çünki adının özündə bir qisas öhdəliyi var idi. Çünki, hələ 1919-cu ildə erməni silahlıları Sisyana hücum edəndə onun məcbur olub Naxçıvana gedən 23 yaşlı dayısı Heydəri dağda güllələmişdilər. 4 il sonra doğulan Heydərə məhz dayısının adını qoymuşdular. Ona görə də Əliyevin əsrin sonunda ermənilərlə Naxçıvan dağlarında döyüşdə üz-üzə gəlmək arzusu təbii idi. Amma indi biz bundan danışmırıq. Söhbətimizin əsas mahiyyəti Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə, özü də kifayət qədər unikal mübarizədir. Əliyev Naxçıvanda faktiki olaraq Azərbaycanın dövlət müstəqilliyinin anonslarını verməklə məşğul idi. Naxçıvan müstəqil Azərbaycanın kiçik maketi idi. Əvvəl o, sonra isə Azərbaycan. 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlandı. Ölkə bir neçə yerə parçalandı. Xalqın tələbilə Bakıya dəvət edilən Əliyev Azərbaycanı birləşdirməli, vahid dövlət yaratmalı, onu idarəolunan bir hala gətirməli, idarə etməli idi. Fikir verirsiz? Azərbaycanın 50 Əliyev ilinin ciddi araşdırmaya ehtiyacı var. Məsuliyyətlə deyə bilərəm ki, 1993-cü ilin iyununda Əliyev Azərbaycanı vahid dövlət halında birləşdirdi, bəlkə də onun tarixdə ən böyük rolu bu oldu. İlham Əliyevin Əliyevdən aldığı və sonra daha da genişləndirərək şaxələndirdiyi güclü müstəqillik və qlobal inteqrasiya yolu isə bir başqa söhbətin mövzusudur. Bu gün Azərbaycanda bir yol var. Əliyevin tərtib etdiyi, hazırladığı və önündə getdiyi yol. Öndər yolu. Bir ideologiya var. Əliyev ideologiyası. Və ola bilsin ki kimlər üçünsə bu tezis hətta gözlənilməz olacaq, amma bu belədir. AZƏRBAYCANDA HEYDƏR ƏLİYEV VƏ ƏLİYEVÇİLİYİN 50 İLİ--- onun sadəcə hakimiyyətə gəlişinin 50 ili anlayışından daha artıq və zəngindir. Çünki bu yarıməsrliyin Əliyevin hakimiyyətdə olmadığı məqamları da olub. Amma Əliyev hakimiyyətdə olmasa da onun nüfuzu, təlimi, proseslərə təsiri, başlıcası isə xalqda ona möhtəşəm bir inam olub axı. Bax elə buna görə də Əliyev irsdən, xatirədən daha çox yoldur. Və bu yol ondan əvvəlkilərin heç birinin yolunun davamı deyil. Nə Məhəmməd Əminin, nə Nərimanovun, nə bir başqasının. Onların hər birinin yolu yarımçıq kəsilib. Əliyev isə tam başqa bir yerdən, başqa bir nöqtədən öz yolunu başlayıb və Azərbaycanı bu yolun yolçusuna çevirib. Əliyevin Dövlət, respublika, hakimiyyət tarixindəki yerini göstərmək üşün belə bir fikir söyləyim. Heydər Əliyevsiz Cümhuriyyət azı 51 il kiçik görünər. Az deyil. Bu gün Heydər Əliyevdən hamımız danışırıq. Daha çox münasibət xarakterli, rəy və qiymətləndirmə məzmununda. Amma Heydər Əliyevi olduğu kimi çatdırmaq, tanıtmaq, bildirmək üçün informasiyalarla, məlumatlarla, faktlarla danışmalıyıq. Təsəvvür edin: bütöv bir nəsil yetişib ki Heydər Əliyevi canlı görməyib. 2003-cü ildə, Əliyev vəfat edəndə doğulan adamın 16 yaşı var artıq. Nəzərə alsaq ki, adam həyatı ümumiyyətlə 15-16 yaşlarından dərk etməyə başlayır, onda vəziyyət daha da qəlizləşir. Deməli 25-30 yaşlı vətəndaşlarımızın da məlumat ehtiyacını nəzərə almalıyıq. Müxtəlif vaxtlarda danışmışam bu barədə. Heydər Əliyevin tədrisi, tanıdılması başqa şəkildə olmalıdır. Küçələrdə, yollarda sadəcə otkrıtka kimi asılan, dirəklərə vurulan portretlərin əksəriyyətində məlumat yoxdur. Yəni bu şəkillər özlüyündə informasiya daşıyıcısı deyillər. Amma Əliyevin birbaşa iştirak etdiyi o qədər qabarıq, dramatik hadisələr var ki... Elə onun Naxçıvana qayıdışı, qarşılanması, Naxçıvan Ali Məclisinə sədr seçildiyi an, Muxtar respublikanın cəbhə rayonlarına səfəri, səngərdən qarşı tərəfə baxışı, bu bölgədə tarixi mitinqlərdə çıxışları, Sovet ordusunun Naxçıvandan çıxarılması prosesini qəbul etməsi, 3 rəngli bayrağı Naxçıvan parlamentinə gətirməsi, 1992-ci ilin oktyabr hadisələrində Əliyevin qanuni müqaviməti, 1993-cü il, Gəncə səfəri, hadisə rayonuna baxış, 1994--1995-ci illər xalqa müraciət, Əsrin müqaviləsinin imzalanması, Avropa Şurasında Azərbaycan bayrağının qaldırılması anları və sair və ilaxır. Gözəgəlimli yerlərə sadəcə foto portretlər asmaq əvəzinə həmin parlaq tarixi məmları əks etdirən nəhəng banerlər, xüsusi məzmunlu rəsmlər, transporantlar daha faydalı olmazmı? İstanbulda Atatürkün tarixlə bağlı o qədər şəkilləri asılıb ki xiyabanlarda, yollarda. Əliyev yolundan danışırıqsa, Heydər Əliyevi də elə əvvəlcə yol təqdim etməlidir. Təsəvvür edirsiz, Heydər Əliyev Hava limanından çıxan insanlar, qonaqlar, turistlər yolun müxtəlif sahələrində Hava Limanına adı veriçmiş insanla tanış olurlar. Yol boyu. Necə deyərlər yol kənarını kitab kimi, film kimi, sərgi kimi müşahidə edərək keçirlər.

 

Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalına layiq gördüyü onlarla vətəndaş bu həftə bu qiymətli, sözün hər iki mənasında sinə qabardan dövlət nişanını qəbul etdi. Belələri ilə birlikdə seçilmiş vətəndaş xoşbəxtliyi paylaşan birisi tək minnətdarlığım hədsizdir. Amma mətbuatda medalın çatmadığı adamların giley-güzarına da toxunmaq istərdim. Əlbəttə, əsrdə bir dəfə adamın bəxtinə düşən belə bəxtəvərlikdən kənarda qalmaq xoş deyil. Amma bəzən giley-güzar deyəsən medalın mahiyyətini anlamamaqdan irəli gəlir axı. Məsələn, hətta kimsə yazıb ki, tarixçi Cəmil Həsənli niyə almasın. Bu və bunun kimi başqa suallara qısaca cavab vermək istədim.Əvvəla, medal 1918-ci ilin cümhuriyyət araşdırmaçılarına yox, Azərbaycan dövlətinin, müstəqil Azərbaycan dövlətinin, bu gün 100 yaşını qeyd etdiyimiz Azərbaycan dövlətinin güclənməsinə, möhkəmlənməsinə çalışan şəxslərə verilir. Əksinə mən təəccüblənərdim bu medal əməlləri və çağırışları, fəaliyyəti və təşəbbüsləri ilə Azərbaycanın dağılmasına, milli dövlətçiliyimizin zəifləməsinə, süqutuna işləyən Cəmil Həsənliyə verilsəydi. Bu adamın xüsusən Millət vəkili seçilməyəndən sonrakı fəaliyyəti antiAzərbaycan, antirespublika və anticümhuriyyət olub. Ona görə də belələrinin medal almasını arzulamaq özünü bu yolda fəda edən, ən ağır məhrumiyyətlərə dözən, vətəni heç bir təmənna olmadan sevən başqalarını incitmək deməkdir. Yubiley medalı alanlar arasında Cümhuriyyətçilərin Rəis Rəsulzadə də daxil olmaqla varisləri də var. Rəis Rəsulzadənin İlham Əliyevə minnətdarlığını isə mən Şəxsən Məhəmməd Əmin Rəsulzadənin ruhunun Heydər Əliyev yoluna təşəkkürü kimi qəbul etdim. Özüm isə cümhuriyyətin 100 illik yubiley medalını qəbul edərkən Rəsulzadədən çox Heydər Əliyevi xatırladım. Qürurla. Ehtiramla. Bu respublikaya, bu gün yaşadığımız ölkəyə, onun onun inkişafına, rifahına, ritminə, ahənginə Əliyevin birbaşa aidiyyatı var. Əgər Heydər Əliyev olmasaydı yəqin ki, Azərbaycan da olmayacaqdı, elə cümhuriyyətçilərə ehtiram da. Bu gün ən ağzı əyri opponentlər belə Heydər Əliyevə, onun yolunun məntiqi davamı və davamçısı İlham Əliyevə təşəkkür etmək əxlaqında olmalıdırlar. Bilirsiz bir az realist olmaq lazımdır. Axı biz atamızın övladları olsaq da onların yaşını yaşımız üstünə gəlib ad günü keçirmir, atamızın həyatını bütün universallıq və öhdəlikləri ilə yaşamırıq. O vəfat edəndə dəfn edirik, amma onun məzarına köçmürük. Ehtiram öz yerində, reallıq isə öz yerində. Ona görə də bir dəfə yüksəlmiş, 23 aydan sonra enmiş bayrağı 71 ildən sonra qaldıranların da növbəti birincilik haqqını ehtiramla tanımalıyıq. Heydər Əliyevə gəlincə isə, gəlin etiraf edək ki, onun rolu Azərbaycanın özü boydadır. Bu insan parçalanmış dövləti birləşdirib onu dünya yoluna çıxarıb və etibarlı ardıcılına təhvl verib. Dağılmış dövləti təzədən yaradıb. Bu isə bir bayraq qaldırmaqdan, bir himndən, bir gerbdən daha artıqdır. Çünki o dövlət olmasaydı nə o gerb, nə o bayraq, nə də himn olacaqdı. Bu günün Azərbaycanı Rəsulzadəgilin yaratdığı Cümhuriyyət deyil, Heydər Əliyevin yenidən yaratdığı və İlham Əliyevin inkişaf etdirdiyi Respublikadır. Cümhuriyyəti qorumaq tarix Məhəmməd Əminini yox, real İlham Əliyevi qorumaqdır. Ona görə İlham Əliyevi qorumaq ki, bu gün Azərbaycanı həm hərbi-bir ali baş komandan kimi, həm də mülki,,,,, prezident olaraq mühafizə etmək missiyası onun çiynindədir. Və əgər bu gün Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilirsə bu yerüstü qiymətli sərvət BMT xəttilə də himayə ediləcək. Tarixin ən qəribə təsadüflərindəndir ki, Xansarayınını həyətindəki çoxəsrlik çinarın iri bir budağı məhz Şəkinin tarixi mərkəzi də daxil olmaqla Xansarayının Ümumdünya irsinə daxil olduğu həftədə sındı. Elə bil gözə gəldi. Yaralılar var. Fövqəladə Hallar Nazirliyinin, tibb və istintaq orqanlarının əməkdaşları hadisə rayonunda işlədi və işləyir. Hər halda olduqca maraqlı və sual doğuran təsadüfün nə qədər təsadüf olması araşdırılmalıdır. Xansarayının həyətində belə bir hadisənin baş verməsində mistik nəsə aramaq istəmirəm. Amma əcayib bir hadisədir. Yəqin ərazinin YUNESKO-nun Ümumdünya irsinə daxil olması xüsusi diqqət və beynəlxalq qayğının necə olduğunu bizə göstərmək üçün bir tale fürsətidir. Amma bəri başdan deyim ki, hadisənin ciddi araşdırılmasına yəqin ki ehtiyac var. Hadisədən dərhal sonra xansaray həşteqinin yaranması və burda çəkilişlərin paylaşılması da qəribədir. Nəsə. Ümid edək ki, beynəlxalq humanitar müştərəklik işimizə yarayacaq. Fikir verirsinizsə, mən müntəzəm olaraq Azərbaycanın qlobal çağırışlara adekvat olması mövzusuna toxunuram. O özünü bəşəriyyətinkiləşdirir və bunu yalnız demoqrafik qanunlarla yox, həm də mənəvi inkişaf, qovuşmaq, bir sinerji formatında edir. Şəxsən mənə görə Rusiya Silahlı qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Avropadakı Birləşmiş Hərbi qüvvələrinin baş komandanı Bakıda görüşü də elə bu bəşəriləşmək, beynəlxalqlaşmaq fonunun məntiqi tərkib hissəsidir. Bilirik ki, NATO və Rusiya arasında mürəkkəb münasibətlər var və gərginlik getdikcə daha da artır. Bir tərəfdən NATO Rusiyanın lap burnunun ucunda Gürcüstanda hərbi təlimlər keçirir. Başqa bir tərəfdən Rusiya NATO üzvü olan Türkiyəyə s-400 tədarük edir. NATO-nun əsas protivniki və ya rəqibi Rusiyanın olduğunu və Türkiyənin də Şimali Atlantika blokunun ən güclü üzvlərindən biri olduğunu, əslində Moskvanın NATO ilə Türkiyə uğrunda mübarizə apardığını nəzərə alsaq aydın olar ki, xarakter etibarilə kifayət qədər problemli görüşün Bakıda keçirilməsi Azərbaycana olan etibarın nəticəsidir. Nəzərə alaq ki, NATO çox yaxın olduğu Gürcüstanı, Rusiya isə forpostu olan Ermənistanı seçə bilərdi. Amma seçmədilər. Seçə bilmədilər. Bakı isə hər iki tərəfin etimad düşərgəsi tək cazibədar oldu. Amma eyni zamanda bu görüş Bakı baxımından da əhəmiyyətlidir. Məsələn, NATO-nun bütün başdançıxaran cazibəsinə baxmayaraq Azərbaycan bu qurumla yaxınlaşmağa tələsmir. Çünki bizim ölkə Qoşulmayanlar Hərəkatının üzvüdür və bu yolla özünü bütün risk ocaqlarından qoruyur. İkincisi, Azərbaycan Prezidenti Rusiyanın NATO-ya meyl göstərən tərəfdaş respublikalarla xüsusi münasibətini nəzərə alır. Və bunu da ona görə etmir ki, ay balanslaşdırılmış siyasət yürüdür, kimisə incik salnır, filan. Yox əlbəttə. Sadəcə biz artıq bilirik ki, Azərbaycan öz xarici siyasətini balanslı olmaq məzmunundan çıxarıb və onu sırf milli maraqlarla izah edir. Deməli, bu iki ciddi opponentin, Rusiya və NATO tıəmsilçisinin Bakıda görüşü Azərbaycanın milli maraqlarına da uyğundur. Xüsusilə indiki həssas zamanda Azərbaycan ölçülüb-biçilmiş, soyuqqanlı siyasət yürütməlidir ki, bunu da Əliyev bacarıqla edir. Niyə xüsusilə həssas? Ona görə ki, Qafqaz istənilən vaxt barıt çəlləyinə çevrilə bilir. Kimin ağlına gələrdi ki, Rustavi-2 kanalının hansısa dılğır əməkdaşı ağzını allah yoluna qoyacaq və sonra da nə qədər lənət şeytana deyirsən de, gecdi artıq. Rusiyanın Gürcüstan aparıcısının onu hara apardığınl təxmin etməsi ona görə anlaşılandır ki, aparıcının təsadüfən, özü də rus dilində söyməsi təsadüfə ən az oxşayır. İkincisi, xatırlayırsızsa, 2008-ci ildə də Rusiya-Gürcüstan böhranı gürcülərin müdafiə naziri Rusiyaya şərab yerinə fekali təklif etməsilə başlamışdı. O zaman məsələ Saakaşvilinin qalstuk çeynəməsi və Avropa dövlətlərinin Moskva qarşısında xahiş minnəti, yalvar-yapışı ilə bitdi. Bu dəfə isə vəziyyət daha kəskindir. Mənə görə. Ona görə ki, söyülən Rusiyanın birinci şəxsi, olduqca kinli və çoxbilmiş Putindir. Doğrudur, o cavab nitqində Gürcüstana guya acıyırmış kimi, böyük ürək nümayiş etdirirmiş, bağışlayırmış kimi davrandı. Hətta Gürcüstana sanksiya tətbiq edilməyəcəyini söylədi. Onu təhqir edən aparıcıya isə qoy işində qalsın-dedi. Amma ilk baxışda. Məsələ, göründüyündən daha ciddidir. Niyə belə düşünürəm? Gəlin Putinin cavabına baxaq.

Xalqa yaxılan qara

Burada mənim diqqətimi çəkən nə oldu. Əvvəla onu deyim ki, Putinin cavabı özlüyündə çoxşaxəli və çoxmənalı, sətiraltısı birbaşalığından daha artıq olan bir bəyanatdır. Açıq deyim: Hətta 2008-ci ildə belə Kreml Tiflislə belə davranmamışdı. Baxmayaraq ki, 3 günlük müharibə olmuşdu. Bu dəfə vəziyyət daha ciddidir. Putin bir söyüşə verdiyi cavabla əslində Gürcüstan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü ya təxminən tanımadığını, ya da tanımamağa hazırlaşdığını anons edib. Rusiya Prezidenti Gürcüstanın əslində heç vaxt dövlət olmadığını bəyan etməklə, onun gələcəyi üçün də hədə yeri saxlayıb. Gürcüstan Abxaziyanın tərkibində olub. Namek ponyaten! Belə. Və bir cümlə də deyəcəm. Məncə bu bəyanat yalnız Gürcüstan üçün verilməyib... Bax 100 illiyini qeyd edən Azərbaycan dipolmatiyası isə bu açıq və kifayət qədər birbaşa eyhamları nəzərə alaraq müstəqil dövlət kursu ilə irəliləyir. Çətindir? Əlbəttə çətindir! Amma başqa yolumuz var? Əlbəttə yoxdur! Necə deyərlər arxada vətəndir! və vətən ağaclardan, dərələrdən, bulaqlardan, gölməçələr və qurbağalardan ibarət deyil. Həm də adamlardan. Daha çox adamlardan. Əsasən adamlardan ibarətdir. Bu yaxınlarda kinodramturq Rustam İbraqimbekov Azərbaycan haqqında danışıb, deyib ki, islahatları bəyənir, amma eyni zamanda bunu da deyib ki. ona qara yaxıblar və s. Deməli belə. Rustam İbraqimbekov “Qafqaz triosu” adlı bir film yaradıb və burda da Azərbaycanlıları aşağılayan, Azərbaycanın yaxın uzaq tarixini təhrif edərək ermənilərə hüsn rəğbət bəsləyən fon yaradıb. Bu filmi Azərbaycanda görənlərin mütləq əksəriyyəti müəllifin müraciət etdiyi simvolizm janrının kodunu çox tez sındırıb, ona görə ki bəsit idi, və tənqid ediblər. Filmə mən də baxmışam. Hesab edirəm ki, bu çox düşük, açıq-açığına Əkrəmizm Əylislizm əhval-ruhiyyəsilə silələnmiş bir şeydir. Bu fikrimi müxtəlif vaxtlarda açıq bildirmişəm də. Bir neçə dəfə Rustam İbraqimbekovla müsahibə etmək, bu filmi onunla müzakirə etmək cəhdlərim də olub, amma təəssüf ki. Rustam İbraqimbekov görüşdən yayınıb. Bu gün fürsətdən istifadə edərək bir daha Rustam müəllimi görüşə dəvət edirəm. Ona örə ki, ən azı Rustam İbraqimbekova ona qarayaxmadığımı sübut etmək iqtidarındayam. 100 faiz bu belədir. Və hətta ona sübut edə bilərəm ki qaranı o yaxıb. Azərbaycana. Onun xalqına. Onun tarixinə. Yəni hətta kimsə ona-bir adama qara yaxsa belə bu dəhşətli bir iş deyil. Yaxılmış qara yaxılıbsa, əlbəttə sənin rodnoy rəngin deyilsə yuyulub gedəcək. Amma sən bir xalqa qara yaxırsansa, bu böyük faciədir. Kstati, Rustam İbraqimbekov faciə janrlnda yaxşı işləmir. Filmin əvvəlindən bir parçaya baxaq. Çox kiçik bir parçaya.

Bu parçanı ona görə göstərmədim ki, erməni personaj azərbaycanlıdan qorxaqdır, ya cəsurdur. Yox. Başqadı məqsədim. İndi sizə bir sulu səhnə də göstərəcəm. Eyni ermənidir. Ya da təxminən eyni erməni. Baxın. Sonra danışaq.

Bir qrup güruh tikəsi

Bura isə Kəlbəcərdi. İstisu. Ora baş vuranlar ermənilərdir. Simvolsuz-filan. Hörmətli Rustam İbraqimbekovdan Rüstəm İbrahimbəyova keçid üçün bir su idi də atdım. Məncə, bəyanat üçün əla səbəb var. Rustam müəllimin Rüstəm oması üçün təklif edərdim ki, Dilqəm və Şahbaz üçün də bir baş vursun. Suya yox, əlbəttə. Hər necə olmasa da Rusiyada ən nüfuzlu yazıçımız. Dramaturqumuzdur. Qoy utandırsın məni və gələn dəfə elə burdaca ondan üzr istəyim. Bilirsiz, bəzən məni çox sərtlikdə günahlandırırlar, hətta imkanları olsa, həbsə də atdırarlar. Nə var nə var. Mən dövlətin üzərinə gedənlərə birbaşa cavab verirəm. Dəqiq, qərəzsiz və vicdanlılıq prinsiplərində yerdəyişmə etmiş, vicdanlılığı önə çıxarmış, Qərəzsizliyi isə ədalətliliklə əvəz etmişəm. Məsələn, biz beynəlxalq ədalətdən danışırıq, Azərbaycanın ərazi bütövlüyündən danışırıq, işğalçıları torpaqlarımızdan çıxarmaqda bizə köməkləri başlarına dəysin, heç olmasa mane olmamağa çağırırıq. Amma nə baş verir? Əvəzində məsələn, Amerika konqresinin Nümayəndələr Palatasının hansısa konqresmeni Azərbaycana “Dağlıq Qarabağ hava məkanında mülki təyyarələri təhdid edə biləcək” ABŞ silahlarının satılmasına qadağa qoyulması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış edir. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları indiyədək Azərbaycana heç bir silah satmayıb. Deməli burda söhbət sadəcə kimin tərəfində olmağın bu yolla nümayiş etdirilməsindən gedə bilər. Çünki müdafiə nazirliyimizin təbirincə desək, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və münaqişə bölgəsi olduğundan Beynəlxalq mülki Aviasiya Təşkilatı tərəfindən mülki aviasiya vasitələrinin bu istiqamətdə uçuşlarına uzun müddətdir tam qadağa qoyulub!” Bax bu zaman nə gözləyirəm mən. Deyim də Sizə. Mən gözləyirəm ki, Azərbaycanın müxalifət partiyaları dərhal Müdafiə Nazirliyimizin mövqeyilə unison bəyanatlar verəcək. Bir-birinin ardınca. Özü də şifahi yox!!! Hər bir bəyanat ingilis dili başda olmaqla bir neçə dildə hazırlanaraq ittiham edən ünvanlara göndəriləcək. Cavab gələnədək onlardan əl çəkməyəcək. Amma bu baş vermir axı. Bizim məhəlli, hövzə təmayüllü həvəskar siyasi dərnəkləri, təfəkkürü bir mitinqlik Məhsul stadionu divarlarından o yana çıxa bilməyən boşboğazları ancaq mətbəx səviyyəsində, yalnız dedi-qodu məzmununda mövzular maraqlandırır. Üzdən guya dövlətçidirlər, amma dövlətin əsas dayaqlarını gözdən salmağa yönəli çağırışlar edirlər. Son zamanların təhlükəli bir tendensiyası barədə danışım. Yeri gəlmişkən, çıxışımın bu yeri daha çox hüquq-mühafizə orqanları, ələlxüsus da asayiş keşikçilərimiz üçün maraqlı olmalıdır. Bir müddətdir ki sosial şəbəkələrdə pis polis həştəqi altında kompaniyaya start verilib. Özünü xarici xüsusi xidmət orqanlarının qeyri rəsmi gəlini kimi etiraf etmiş, daha doğrusu bu adı könüllü olaraq öz üzərinə götürmüş Osmanqızı, xalqımızın yaddaşında özü boyda böyük çılpaq həqiqət kimi qalacaq Xədicə İsmayıl kimi avantüristlərin odabaşılığı ilə aparılan bu ziyanlı kompaniya vətəndaşlarda ictimai-siyasi sabitliyin qorunmasında əsas funksiya daşıyan polisə qarşı nifrət aşılamaq məqsədi güdür. Əlbəttə, polisə. Onun asayişin qorunmasındakı rokuna xalq etimadı kifayət qədərdir. Amma son günlər baş vermiş bəzi hadisələr ətrafında danışmaq istəyirəm. Məsələn, polis məntəqəsinə hücum çəkərək əməkdaşlara xəsarət yetirən bir qadının hərəkətini göstərəcəm. Sosial şəbəkələrdə bir qrup güruh tikəsinin təqdim etdiyi bu idi ki, şəhid anasına təzyiq göstəriblər və s. Amma Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin göstərdiyi kadrlarda başqa mənzərəni görürük.

 

Goranboy rayonunda baş vermiş bir hadisə də bu baxımdan diqqətimi çəkir. Bir nəfərin ölümü ilə nəticələnən bu hadisənin araşdırılması Daxili İşlər naziri və baş prokurorun şəxsi nəzarətindədir. Hadisə ilə bağlı ilkin rəsmi məlumat yayılıb və yəqin ki təfərrüatlar barədə müntəzəm məlumat veriləcək. Amma mən polis əməkdaşına hücum faktı üzərində xüsusi dayanmaq istəyirəm. Hətta qəzəblənmiş toplu xəbərdarlıq atəşi açan polis əməkdaşının silahını əlindən alır, dəstəyilə başına vurur. Xəsarət yetirir. Mən daha ondan danışmıram ki, gəncədə bir il əvvəl baş vermiş hadisədə də tapançanın dəstəyindən istifadə olunmuşdu., yəni o zaman da silahın dəstəyilə Elmar Vəliyevin başına zərbələr endirilmişdi. Bu və digər ehtimalları yəqin ki peşəkarlar araşdıracaq. Mən isə pis polis həştəqinə və onu təlqin, təbliq edənlərin niyyətinə qayıdıram. Gah əsgəri, ordunu, gah polisi gözdən salmağa yönələn çağırışların, sosial şəbəkə kompaniyalarının yerlərdəki icraçılarının fəaliyyəti ciddi araşdırılmalıdır. Polis nəzakəti qanun qətiyyətindən artıq olmamalıdır. Çünki mən bir təcrübəli jurnalist kimi ortada bir təşkil etmə, və bu mütəşəkkil ideoloji cinayətin adda-budda nəticəsini görürəm. Ya da mənə elə gəlir. Hər halda daha diqqətli olmalıyıq. Polis dövlətin, dövlət hər birimizindirsə, kimə və nəyə qarşı çıxdığımızın fərqində olmalıyıq. Şəxsən mən polisimizi daha qətiyyətli, daha güzəştsiz, daha qanunçu olmağa çağırıram. Xaos müxalifətinin sosial şəbəkələr vasitəsilə vitrinə çıxardığı bir əcayib tendensiya barədə də danışaq. Yəqin fikir vermisiz, hakimiyyəti barışıqa dəvət edənlər, belə bir barışın iqtidardan başlanmasını təklif edənlər var. Nə barışıq, kimlə barışıq, xanımlar və bəylər. Cənablar, yoldaşlar, arxadaşlar, qabaqdaşlar! Kim kimdən küsüb? Çox yersiz və belə əhəmiyyətsiz məsələlrlə baş qatanların menyusuna. Dövlətin vətəndaşla barışmaq kimi bir borcu yoxdur. Vətəndaşın dövlətlə ünsiyyət vasitəsi qanundur. Hamımız qanuna tabe olmalıyıq. Ən azı svetoforda dayanan maşınlardan nümunə götürmək olar. Məgər burda iqtidar müxalifət var. Kimsə etiraz edib keçir ki, mən müsavata, ya milli, milsiz şuraya məxsusam?! Ona görə də nə barış, nə də küsü haqqlnda düşünək. Sadəcə qanuna tabe olaq. O zaman nə rüşvıət verən, nıə də rüşvət alan olacaq. Hər kəs özünü dövlət hesab edəcıək. Düz eşitdiniz. Dövlət bizik sizsiz. Odur. Hamıdır. Mövqeyimizi bildirək. Filankəsin dövləti təhqir etməsinə cavab verməyək, ona görə ki, o mənə yox başqasına cavab verir. Mən susum, o da susacaq-deyə mənəvi terrorçuların tələblərini yerinə yetirməyin. Əksinə hər kəs öz profilində bu internet əxlaqsızlarının cavabını verməlidir. Tək-tük cavablarla bu vicdan bayquşlarını susdurmaq çətin olacaq. O varlıqlar, daha doğrusu yoxluqlar görəcək ki, bütün millət, ən azı YAP-ın 700 mindən artıq üzvünün sosial şəbəkəyə çıxışı olanı onların üzərinə gedir. Yolumuz budur. Burda anklav qeyrətə yer yoxdur. Kimsə anasını, bacısını, arvadını, uşağını öz hücrəsinə çəkib şifahi söyüşdən qoruyursa, yanılır. Onların anasını, bacısını, arvadını, uşağını sosial şəbəkədə açıq mövqedən çıxış edənlər qoruyur. Yeri gəlmişkən, təcrübəli jurnalist Əvəz Zeynallınıln “Qaynar Qazan” layihəsində çıxış etməyə ona görə razı oldum ki, mövqe gizlətmək vaxtı olmadığını izah edim. Məncə maraqlı söhbət alındı. Söhbət yəqin ki ya bu gecə, ya da sabah ixtiyarınızda olacaq. Sosial şəbəkələrdəki bütün tərbiyəsizliklərin üzərinə getmək imkanı idi həm də və mən əvəzə belə bir fürsət yaratdığı üçün təşəkkür edirəm. Bu söhbətdən sonra yaranacaq yeni suallara da cavab vermək zərurəti yaranarsa Əvəz Zeynallı məni öz auditoriyası ilə yenidən görüşdürə bilər. Mövqesizlik antivətənlikdir! Çəkinəcəyim heç nə yoxdur. Açıq və aşklar olmalıyıq. Elə buna görə də Ən Yaxın Tariximizin indiyədək qapalı qalan bir hadisəsini təqdim edirik. Daha doğrusu 1993-cü ilin aprelində. Kəlbəcərin işğalı günlərində bir helikopterimizin vurulmasından danışacaq. 26 il sonra ilk dəfə o kadrları sizə göstərəcəyik. Operator Rövşən Əmiraslanoğlu studiyamızdadır.

Məsuliyyət böhranı yaşayan hakimiyyət

Niyə axı bu xəbəri gizlədirdi hakimiyyət? Niyə bu boyda fakt bu günədək gizlin qalmalıydı? Axı bu dövlət idi? Onun helikopterini vurmuşdular... Kim vurmuşdu? Ermənilər vurmuşdusa niyə belə bir alibidən istifadə olunmadı? Bəlkə ermənilər deyildi bunu edən və yəqin ki ermənilər deyildi. Çünki o zaman azı biz bu xəbəri yayardıq. Axı işləyirdik. Niyə gizlətmişdilər? Niyə dövlət televiziyası belə vermədi bu xəbəri? Bəs kim idi??? Belə məsuliyyətsizlik olmaz axı. Dövlət hobbi predmeti deyil. 1993-cü ildə Elçibəyin hakimiyyətdə olduğu dövrü bəzən elə kimlərinsə hobbi məşğuliyyəti kimi xatırlayıram. Elə idarə edirdilər ki, elə bil şer yazırlar, mahnı oxuyurlar. Dövləti mitinq kimi idarə edirdilər. Ona görə də belə faciələr yaşadıq. Arxivlər açıldıqca onların nə qədər ağır miras qoyub getdiklərinin şahidi oluruq. Elə bilirsiniz ki, onlar, ya onlardan qalanlar dəyişiblər? Yox əlbəttə. Qeyri-ciddiliyin bariz nümunələri kimi ortada qalan bəyqlərbəyilik elementləri yenə də həmin dalğada, həmin kordinatdadır. O hakimiyyətin ən böyük problemi məsuliyyət böhranı idi. Onların- birincidən sonuncuya hamısı məsuliyyət çatışmazlığından əziyyət çəkirdi. Bu gün də belədir. Bir dəfə göstərmişik bu kadrları. Amma bir də baxmağınızı xahiş edirəm. Deməli, Əli Kərimli Osmanqızına müsahibə verir. Mövzu meydan ətrafında yaşayan insanların şikayəti əsasında Məhsul stadionunda mitinqə icazə verilməməsidir. Şikayət edənlər isə mitinq günlərində metroda, onun giriş-çıxış ərazisində vəziyyətin pis, idarə olunmazlığını əsas gətirir, hətta öz adi həyatını yaşayan sadə insanlara mitinqə qatılanların vaqonlarda fiziki təzyiqindən, onları zorla meydana çıxmağa təhrik etməsindən narahat olduqlarını bildirirdilər. İndi isə Əli Kərimlinin cavabına baxaq.

Bax budur əsas məsələ. Məsuliyyət böhranı. Bax elə buna görə də mən hər dəfə sizə özünü gələcəyimizin zaminləri kimi təqdim edən, əslində isə möhləti bitdiyinə görə tarixin etibarsız saydıqlarını göstərirəm. Baxın biz sizə içində 9 nəfər azərbaycanlının olduğu və öldüyü helikopteri göstərdik. 26 ildən artıq gizli qalan dəhşətli faktı. Təsəvvür edirsiz, Şəkidə Xansarayının həyətindəki məşhur çinarın budağının qırılması ətrafında artıq həyəcan şeypuru üfürən, hadisəni Osmanqızı kimi buğumayaqlıların antiəliyev deklomasiyasına hazırlayan bir zümrə başının altında saxladığı helikopter mövzusunda susur. Düz 26 ildir! Axı o hadisə baş verəndə hakimiyyətdə bu gün özünü yuyulmuş yarpız kimi aparan Əli Kərimli də var idi və özü də nə az nə çox dövlət katibi idi. Maraqlıdır mənə görəsən nə yeyir axı bunlar belə? Bunlar və omların dalına düşənlər... Qida Təhlükəsizliyi agentliyinin sədri Qoşqar Təhməzliylə söhbəti təqdim edirəm. Özünüzü qoruyun. Zəhərli qidalardan və zəhərli təbliğatlardan. Salamat qalın.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə