Mir Şahinin vaxtı - VİDEO

Mir Şahinin vaxtı - VİDEO

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdı.

Allahsız yerdə otur, böyüksüz yerdə yox-deyiblər. Amma bizim Allahımız da var, böyüklərimiz də. Bütün Qafqazın Şeyxinin açdığı iftar süfrəsində Prezidentin etdiyi çıxış ətrafında ölkədəki mənəvi-ruhani vəziyyəti təhlil edəcəyik.

Ermənistanın müdafiə siyasətində tərəddüd və qorxu doktrinası. Qorxudur və qorxur – misalının yeni formada təcəssümü. Mxitaryan faktoru Antiazərbaycan təbliğatının tərkibi kimi.

Bloger Fuad Abbasov məsələsi. Rusiyada yaşayan azərbaycanlıların Fuad davası. Başqa ölkələrin vətəndaşları sayılan azərbaycanlılar niyə əksər hallarda həmin ölkələrin vətəndaşı ola bilmirlər?

Keçmişin bərpası, qəhrəmanların dırnağa salınması. Ən yaxın tarixin təqdimatına başlayırıq. Tariximizin qızıl fondu REAL Təhlil və informasiya Mərkəzində. Özünü gələcək kimi göstərənlərin əslində keçmiş olduqlarını gözlərinizlə görəcəksiniz.

Dövlət və vətəndaş bir-birilə ana dilində danışır. Artıq heç kim Prezidentin, birinci xanımın vətəndaşlarla ünsiyyətini, onlarla səmimi selfilərini, dövlətin birinci şəxsinə hər hansı problem barədə xəbər verilməsini heyrətamiz bir hadisə tək qarşılamır. Əksinə, hər kəs günlərin bir günü belə bir görüşdə özünün də iştirak edə biləcəyinə inanır. Niyə də yox? Prezidentin xalq təmsilçiləriylə nizamlı-intizamlı, uniformalı görüşlərinin təşkili daha gözə dəymir. Elə bu adilik, sıradan birlik səbəbindən biz də İlham və Mehriban Əliyevlərin xalqla təması barədə xüsusi danışmayacağıq. Amma bunu da mütləq qeyd edəcəyik ki, belə görüşlər sadə camaatla yanaşı o qədər də sadə olmayan məmurların da davranışına ciddi təsir göstərir. Məsələn, dünənədək qapısından içəri buraxmadığı vətəndaş təsadüfən elə küçədə Prezidentə yanaşan və onu inik salan məmurdan şəxsə Birinci Şəxsə şikayət edə bilər. Mənə belə gəlir ki, hansısa məmurdan artıq məmur, müasir xırda harın əl rəşidlərin belə görüşlərə avtomatik olaraq hazır olması lazımdır. Ümumiyyətlə, müşahidələrim belə deməyə əsas verir ki,və əlbəttə bu mənim şəxsi mülahizəmdir, Prezident vaxtaşırı müxtəlif qatlar səviyyəsində hesabat verir. Məsələn müntəzəm surətdə hökumətdən hesabat qəbul edir və burda etdiyi çıxışlarda dövlətə hesabat verir. 31 dekabrda dünya azərbaycanlılarına, Novruz təbrikində xalqa, mayın 10-da, Heydər Əliyevi ad günündə ya da o ərəfədə yolunu qəbul etdiyi və ardıcılı, varisi olduğu atasının Böyük Əliyevin ruhu qarşısında. Və daha bir hesabat da var ki, İlham Əliyev bunu hər il Allahın Ziyafət süfrəsi başında edir. Şəxsən mənə görə bu hesabat digərlərindən öz qayəsi etibarilə xeyli fərqlənir. Prezidentin Allahın Ziyafət süfrəsi başındakı çıxışı daha çox mənəvi, ruhani məsələlərə, bəşəriliyə, planetarlığa həsr edilir. Azərbaycanın lideri eyni zamanda dünyaya təqdim etdiyi multikultural xəttin aparıcı şəxsi, yəni dünyanın bu kurs üzrə lideri kimi hesabat verir. Açıq demək lazımdır ki, bu missiya təkcə bir dövlət və onun içində yaşayan xalqlar yox, həm də bütün dünya qarşısında böyük məsuliyyətdir. Təsəvvür edin: Bütün dünyada müsəlmanların tarmarçı, bar-bar imicinin yaradıldığı, bu neqativ obrazın dərinləşməsinə bu və ya başqa şəkildə maddi və mənəvi sərmayələr qoyulduğu vaxtda, islam dövlətlərinin mütləq əksəriyyətinin qüsurlu menecmenti nəticəsində baş verən tənəzzül və daxili çaxnaşmalar fonunda Azərbaycan adlı kiçik bir dövlət ortaya çıxır və deyir ki, bütün insanlar yaradan qarşısında eynidir. Hamının günəş altında öz yeri var və biz hər kəsin qibləsinə, xaçına, bütünə hörmətlə yanaşırıq. Namazı rikətlərə, kiminsə başının bədənindən ayrılması ilə parçalamaq olmaz. Hər kəs Azərbaycanda özünü ən rahat, ən təhlükəsiz hiss etməlidir. Ona görə də istər Prezident, istər Şeyx, istərsə də, digər konfessiyaların çıxışları bir-birinin davamı və yekunu olmaqla Azərbaycanın geniş Mənəvi-ruhani coğrafiyasını bütün genişliyi və rəngləriylə əhatə edirdi. Və əslində bu özünəməxsus maket, həm də Azərbaycan təcrübəsinin dünyaya yayılması üçün böyük məna daşıyır. Təkrar edirəm. Multikultural dövlət modeli multikultural dünyanın eksperimental şəklidir. Bir növ hesab edək ki, Azərbaycan özünü dini-mənəvi məsələlərin ASAN-ı kimi təqdim edir və bütün bəşəriyyətə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq birgəyaşayışın mümkün olduğunu aşılayır. Təki münaqişə olmasın, təki heç kim heç kimin ərazisini qamarlamasın, işğal etməsin. Qarabağ problemi də bu kontekstdə izah edilir. Prezidentin bu çıxışında üzərində dayanmaq istədiyim bir məqam var. Onun üzərində dayanacam əlbəttə. Amma buna qədər Şeyxin giriş nitqinin İlham Əliyevlə bağlı hissəsini xatırlayaq:

Multikulturalizm və Tolerantlıq modeli

Hacı Allahşükür Paşazadə , Bütün Qafqazın Şeyxi: “Zati-aliləri, Azərbaycan torpağına qədəm basan hər kəsin şahidi olduğu tərəqqi və uğurların təməlində Sizin – dövlətimizin başçısının fəaliyyəti və müdrik siyasəti durur. Sizin həyata keçirdiyiniz siyasətin yaşam gücü dövlət – xalq birliyində, Prezident - vətəndaş həmrəyliyindədir. Bu, həm siyasi, həm mənəvi baxımdan ən düzgün yoldur.

Azərbaycan tarixən dinlərarası tolerantlıq və multikulturalizm mühitinin təşəkkül tapmasına böyük önəm verib. Mədəniyyətlərarası əməkdaşlığa dair onillik tarixə malik “Bakı Prosesi”nin müəllifi məhz dövlətimizin başçısı möhtərəm İlham Əliyevdir. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqəti və himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət edir, dünyaya təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası dialoq, dinlər və mədəniyyətlərarası əməkdaşlığın inkişafına öz töhfəsini verir.

Möhtərəm cənab Prezident, biz Sizin dünya səviyyəsində qəbul olunan qlobal ideyalarınızdan ilham alaraq bir çox beynəlxalq tribunalardan Azərbaycanın multikulturalizm və tolerantlıq modelini böyük qürurla təqdim edirik.

Zati-alinizin xeyir-duası və təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin məramı nadir multikulturalizm modelinin yaradılmasına və inkişafına dair qlobal ideyalarınızı təbliğ etməkdir. Məhz bu məramla, İnşallah, bu ilin iyununda Mərkəzimiz tərəfindən BMT-nin Cenevrə İnsan Haqları və Qlobal Dialoq Mərkəzinin, habelə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAİCİİD) həmtəşkilatçılığı, Azərbaycanın Avstriyadakı səfirliyinin, Avstriya dövlətinin ali dəstəyi və iştirakı ilə Vyanada 10-dan artıq beynəlxalq təşkilatın, 40-a yaxın ölkənin 300-ə yaxın din və dövlət nümayəndəsinin, elm və ictimaiyyət xadiminin iştirak edəcəyi beynəlxalq konfrans keçiriləcəkdir.

Dünyanın bir çox ölkələrində mənəvi dəyərlərə qarşı savaş açıldığı, islamofobiya, antisemitizm zəminində təqiblərin, terrorun, ekstremizm və radikallığın artdığı mürəkkəb zamanda müxtəlif qitə nümayəndələrinin, din və mədəniyyət təmsilçilərinin Azərbaycan Prezidentinin elan etdiyi multikulturalizm, İslam həmrəyliyi kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi dövlətimizin uğuru və Sizin siyasətinizin təntənəsidir. “

Şeyxin çıxışında biz multikultural dövlət və həyat tərzi ideyası müəllifinin İlham Əliyev olduğunu bir daha anladıq. İndi isə Prezident İlham Əliyevin çıxışının bir parçasını təqdim edirəm. Həm varislik, həm davamçılıq, həm də müəlliflik kontekstində baxaq.

 Varislik və Davamçılıq

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, - “Hörmətli Şeyx həzrətləri. Hörmətli din xadimləri. Xanımlar və cənablar. Hər il olduğu kimi, mübarək Ramazan ayında Şeyx həzrətlərinin iftar süfrəsində görüşürük. Bu, gözəl ənənədir. Bu ənənə yaşayır və yaşayacaq. Bu, dövlət-din münasibətlərinin bariz nümunəsidir. Dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır. Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanırlar. Onların şəxsi dostluğu, bir-birilərinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərmişdir. Mən onun şahidiyəm ki, Şeyx həzrətləri və ulu öndər Heydər Əliyev bir-birinə çox yaxın insanlar olmuşlar və onların xalq, Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratmışdır.

1993-cü ilə qədər dövlət-din münasibətlərində müəyyən boşluqlar var idi. 1993-cü ildən sonra bu sahədə də bütün istiqamətlər üzrə işlər ən yüksək səviyyədə tənzimlənir. Mayın 10-da, Ulu Öndərin anadan olmasının 96-cı ildönümü günündə onun xalq, dövlət qarşısında gördüyü işlər haqqında danışdıq. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri var. Bugünkü müstəqil Azərbaycan onun əsəridir. Dövlətçiliyin əsaslarının qurulması, Azərbaycanın strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi məhz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur.

Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuza malik görkəmli din xadimidir və Azərbaycanı dünyada öz dəyərlərinə sadiq, eyni zamanda, müasir, tolerant ölkə kimi təqdim edir. Onun çoxşaxəli beynəlxalq fəaliyyəti Azərbaycanı dünyaya tanıtdırır, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə təqdim edir və Şeyx həzrətlərinin uğurlu fəaliyyəti ölkəmizi gücləndirir”.

Prezident Heydər Əliyevin və Şeyxin xidmətlərinin birgəliyini qeyd etdi və burda dövlət-din dəstəyinin təməl prinsiplərini açıqladı. Azərbaycanda dövlət quruculuğunda Heydər Əliyevin, dini-ruhani istiqamətdə gedən proseslərin başında isə Allahşükür Paşazadənin xidmətlərini dəyərləndirdi. Eyni alicənablıqla.

Və biz burada Azərbaycanın dövlət dayaqlarının möhkəmlənməsi və istinad divarlarının etibarlılıq səbəbləri barədə bir daha eşitdik. Prezidentin çıxışının sonrakı hissəsi isə həmin məntiqin davamını gətirir. Yəni bütün bunların nəticəsi nədir bəs? Bu da nəticələr. Özü də bu nəticələri dövlət başçısı həm yerli, məhəlli müstəvidə, həm də beynəlxalq miqyasda apardığı paralelə münasib olaraq təqdim edir.

Prezident - Vətəndaş həmrəyliyi

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:Ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi var. Konstitusiyaya görə din dövlətdən ayrı olsa da, əslində din və dövlət bir-birinin yanındadır. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanın uğurlu inkişafı dövlət-din münasibətlərinin uğurlu inkişafından böyük dərəcədə asılıdır.

Dünyada vəziyyət gərginləşir. Həm bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər meydana çıxır. Dünyanın gələcəyi ilə bağlı, sabitliyin gələcəyi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Bizim əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir. Əminəm ki, gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.

Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq. Biz dünyada İslam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, İslam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.

Müsəlman ölkələri ilə bizim ənənəvi dostluq-qardaşlıq əlaqələrimiz vardır. Bu, xarici siyasətimizdə prioritet istiqamətlərdən biridir. Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqələr qura bilmişdir və beynəlxalq müstəvidə biz daim bir-birimizi dəstəkləyirik. Eyni zamanda, ikitərəfli formatda çox fəal əməkdaşlıq edirik. Bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüş əsnasında bu məsələlərlə bağlı fikir mübadiləsi apardıq.

Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və bu təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir. Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox tədbirlər keçirilir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dəyərlərinin qorunması işində apardığımız siyasətə çox yüksək qiymət verir. Biz bundan sonra da təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsi işində öz səylərimizi davam etdirəcəyik. Onu da bildirməliyəm ki, 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə kontakt qrupu yaratmışdır və təşkilat bu münaqişə ilə bağlı bizim haqq işimizi daim dəstəkləyir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var - Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Biz bu həqiqətləri dünyaya çatdırırıq. Əfsuslar olsun ki, münaqişə başlanan zaman münaqişə ilə bağlı dünyada kifayət qədər məlumat yox idi. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal altına düşmüşdür. Ölkəmizdə o vaxt yaşanan böhran, hərc-mərclik, xaos Ermənistana imkan verdi ki, bizim tarixi torpaqlarımızı zəbt etsin. O vaxt biz beynəlxalq təcriddə idik, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirdik. Beləliklə, dünyada münaqişə ilə bağlı böyük dərəcədə təhrif edilmiş rəy formalaşdırılmışdı. Bizim müntəzəm səylərimiz nəticəsində artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi torpağımızdır. Münaqişəyə dair çoxsaylı kitabların çap edilməsi, təqdimatların, konfransların keçirilməsi dünya ictimaiyyətinə münaqişə ilə bağlı həqiqətləri çatdırır.

Hər kəs görür ki, münaqişə ilə bağlı ikili standartlar mövcuddur. Necə ola bilər, dünyanın ali orqanı olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edir, bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır və bu qətnamələr icra olunmur. Ona görə hesab edirəm ki, dünyada mövcud olan ikili standartlar ən böyük problemlərdən biridir. Münaqişənin həlli üçün biz səylərimizi davam etdirəcəyik. Biz iqtisadi gücümüzü artırırıq, siyasi çəkimiz artır, hərbi baxımdan Azərbaycan bu gün güclü ölkələr sırasındadır. Döyüş meydanında üstünlüyümüzü təmin etmişik. Vaxtilə işğal altına düşmüş torpaqların bir hissəsini azad etmişik. O torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir, qəsəbə salınmışdır, oraya həyat qayıtmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu gün dirçələn və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Biz tarixi, dini abidələrimizi qoruyuruq və burada da dövlət və din bir yerdədir. Son illərdə yüzlərlə məscid tikilmiş və ya təmir edilmişdir. Onların arasında tarixi məscidlərimiz xüsusi yer tutur. Şeyx həzrətləri qeyd etdi, Təzəpir məscidinin ətrafında salınan möhtəşəm park həm şəhərə yeni nəfəs verəcək, yəni, 20 hektar ərazidə salınan yaşıllıqlar bu zonada iqlimin yaxşılaşmasına xidmət göstərəcək, insanların rahatlığı üçün imkanlar yaradacaq, eyni zamanda, Təzəpir məscidinin əzəmətli görkəmi artıq bütün vətəndaşlara açıq olacaq. Çünki vaxtilə Təzəpir məscidinin ətrafında tikilmiş binalar imkan vermirdi ki, biz onu uzaq məsafədən seyr edək. Digər məscidlərimizin əsaslı şəkildə bərpası bizim niyyətimizi, siyasətimizi göstərir. Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərinin, “İmamzadə” tarixi-dini kompleksinin əsaslı şəkildə təmir edilməsi dövlət-din münasibətlərinin təzahürüdür. Heydər məscidinin tikintisi tarixi hadisədir.

Bildiyiniz kimi, keçən il prezident seçkilərindən sonra iştirak etdiyim birinci tədbir Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur. Bu da təsadüfi deyil. Mən seçkilərdən sonra istənilən yerə gedə bilərdim. Məhz Hacı Cavad məscidinin yeni binasının açılışını birinci növbədə qeyd etməyimiz dövlət-din münasibətlərimizə, İslam dininə göstərdiyimiz hörmətdir.

Ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir. Bu, artıq reallıqdır. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, çoxsaylı beynəlxalq tədbirlər məhz bizim təşəbbüsümüzlə ölkəmizdə keçirilir. Əgər biz bu təşəbbüsü göstərməsəydik, bu tədbirlər də keçirilməzdi.

Hörmətli Şeyx həzrətlərinin dediyi kimi, bu il Dünya Dini Liderlərinin II Zirvə Görüşü keçiriləcəkdir. Bu məsələ ilə bağlı qərar qəbul edildi. Şeyx həzrətlərinin yubileyi və fəaliyyətinin 40 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcəkdir. Əminəm ki, Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan ölkə, eyni zamanda, tolerant və multikultural dəyərləri təbliğ edən dövlət kimi öz reallıqlarını dünyaya bir daha təqdim edəcək.

Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıyır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır. Biz bir ailə kimi yaşayırıq və bizim gücümüz birliyimizdədir. Bu tədbirlərin dünya üçün də böyük əhəmiyyəti var. Çünki bu gün dünyada dinlərarası münasibətlərlə bağlı fərqli fikirlər var, yəni, birmənalı yanaşma yoxdur. Bəzi hallarda çox təhlükəli fikirlər səslənir, çox böyük fəsadlara gətirib çıxara biləcək addımlar atılır. Ona görə bizim təşəbbüslərimiz dünya üçün böyük əhəmiyyət daşıyır. Sonuncu böyük tədbir Mədəniyyətlərarası Dialoq Forumu idi. Bu Forum çərçivəsində çox önəmli məsələlər müzakirə edilmişdir və Azərbaycanın bu sahədəki müsbət rolu bir daha qeyd olunmuşdur. Biz bu sahədə öz səylərimizi davam etdirəcəyik. Bir daha demək istəyirəm ki, bu, bizim üçün lazımdır və bu, dünya üçün lazımdır. Çünki biz istəyirik ki, dünyada proseslər müsbət məcrada getsin, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmasın, sülh olsun, bərabərlik olsun, ədalət olsun. Müqəddəs İslam dinimiz bunu tələb edir və biz dövlət olaraq bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin olunacaq, ölkə qarşısında duran vəzifələr icra edilir və ediləcəkdir, mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir. Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır. Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var.

Hörmətli mərasim iştirakçıları, mən hörmətli Şeyx həzrətlərinə, digər din xadimlərinə mənim haqqımda, ünvanıma deyilən bütün xoş sözlərə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bütün dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik etmək istəyirəm. Bütün dünya müsəlmanlarına sülh, əmin-amanlıq, rifah arzulayıram! Sağ olun".

Şeyxin iftar süfrəsi başına yenidən qayıdacağıq. Amma buna qədər bəzi mətləblərə toxunmaq istəyirəm. Prezident çıxışında Qarabağ münaqişəsinə də toxundu. İkili standartlardan, Birləşmiş Millətlər təşkilatının öz qətnamələrinə münasibətdə belə dişsizliyindən... və elə buna görə də biz son zamanlar Ermənistanın siyasi rəhbərliyinin çalpaşıq kursuna toxunmaq istədik. Qarabağ separatçılarının Ermənistanla danışıq ritorikasını savaşqanlığa doğru dəyişməsi Paşinyanı çaşdırıb və məzmununu formadan bayıra çıxarmağa vadar edib. Məsələn, uzun müddətdir ki, rəsmi Bakı üzərinə hədə-qorxu, təhdid dili ilə gələn, parlamentdə hətta Azərbaycana müharibə elan edilməsi barədə səfeh bir sənəd qəbul etdirərək öz aləmində nəhəng hərbi təlimlərə başlayan, Müdafiə naziri səviyyəsində yeni ərazilər üçün yeni müharibə təklif edən bu adam qəflətən nümayiş etdirir ki o sadəcə qorxağın, qeyri-peşəkarın biridir və onun Şuşada rəqsi-filan da məzhəkəçilikdən, ayağı başına mane olan pis rəqqaslıqdan başqa bir şey deyil. Baş nazir Qarabağdan oğlunu da tələsik qaçırdıb. Çünki separatçı rejimin ona zərər yetirəcəyindən qorxub. Dünənədək yeni ərazi üçün yeni müharibə doktrinası irəli sürən Paşinyan birdən birə panik bəyanatla verir. Koçaryanın həbsdən azad edilməsilə məhkəmələri dövlət əleyhinə işləməkdə günahlandıran Baş nazir xalqı inqilaba çağırır və eyni zamanda özünü sığortalayır ki, əleyhdarları müharibəyə başlayıb hansısa rayonları təslim etməyə ahzırlaşırlar... Və heç kim də soruşmur ki, axı müharibəni sənin müdafiə nazirin istəyirdi yeni ərazilər üçün, bəs onda bu təlaş nədi belə? Hər halda Paşinyanın çaşqınlığı göz qabağındadır və onun həyat yoldaşının da biz müharibə istəmirik bəyanatı eyni qafadan qaynaqlanır. Ermənistanın müdafiə siyasətində tərəddüd və qorxu doktrinası özünü göstərir. Danışır, qorxudur danışır, amma ayaqları əsir, çünki özü də qorxur. Robert Koçaryanın həbsdən azad olunduğu bir vaxtda azərbaycanlı bloger, daha çox Rusiyada fəaliyyət göstərən və Moskvada yaşayan Fuad Abbasov saxlanıldı. Bu gün sabah Azərbaycana deportasiya ediləcək. Səbəblər barədə dolaşıq məlumatlar daxil olduğundan və şəxsən özü ilə əlaqə saxlaya bilmədiyimdən dərinliyə varmayacaq, sadəcə bir-iki haşiyə ilə kifayətlənəcəm. Fuad Abbasov fəal blogerdi. Azərbaycanın düşməni deyil. Hətta dostudur. Məsələn biz Orduxan, Tural kimi zoogerlər tanıyırıq və bu yoxluqların antimillət, antivətən fəaliyyətinin hər gün şahidiyik. Fuad Abbasov isə Azərbaycanı, Türkiyəni müdafiə edən çıxışları ilə tanınır. Onun xüsusi məşhurluq həddi isə bu yaxınlarda çeçenlərlə azərbaycanlılar arasında baş vermiş provakasiyanın işıqlandırılması zamanı göstərdiyi fəallığa təsadüf edir. Doğrudur məsələ Prezident İlham Əliyevin tapşırığı, nəzarəti, Bütün Qafqazın Şeyxi və Azərbaycanın Rusiyadakı səfirinin iştirakı ilə həllini tapandan sonra Fuad Abasov daha çox Rusiyadakı azərbaycanlılarla bir firqə rəhbərliyi konusunda rəqabətə girişdi və nəticədə də uzun müddət sabit və sakit görkəmdə qalan diaspor mühitini özünə qarşı çevirdi. Amma burda da söhbət Azərbaycana qarşı çıxmaqdan getmirdi və getmir. Fuadın saxlanılması, qollarının qanqırılması və əydirilməsi əlbəttə xoş bir proses deyil. Amma görünür elə qanunlar var ki, onları biz yazmırıq. Təkrar edirəm, Fuad Abbasovla əlaqə saxlamaq imkanı olanda onunla danışacağıq. Məni indi başqa sual maraqlandırır. Niyə başqa ölkələrin vətəndaşları sayılan azərbaycanlılar əksər hallarda həmin ölkələrin vətəndaşı ola bilmirlər? Məsələn, Rusiyada Dumanın, Ukraynada Ali Radanın üzvü seçilmirlər. Axı belə olanda onların Azərbaycana da, vətəndaşları olduqları dövlətlərə də daha çox faydası dəyə bilər. Bizim əbədi rəqiblərimiz niyə bu sahədə Azərbaycandan irəlidə olur həmişə? Azərbaycanlılar niyə ukraynalı, rusiyalı, gürcüstanlı, fransalı, almaniyalı ola bilmirlər axı? Niyə hər yerdə məhdud azərbaycanlı olaraq qalırıq??? Axı bəşərilik, multikulturallıq vətəndaşlıqdan başlamalıdır. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə imuminsani bir söhbət edək, sonra sizə maraqlı bir qonaq təqdim edəcəm. Onunla keçmişin bərpasından, Ən Yaxın Tariximizdən danışacağıq. Amma bu bir az sonra olacaq. İndi isə 40 ilin Şeyxülislamına qulaq asaq. Hacı Allahşükür Paşazadə ilə necə deyərlər bir allah-iman söhbəti etmişik.

Şeyx iftar süfrəsi başında bir tövbə çağırışı da etdi. Bu çağırış yolunu azmışlara ünvanlanmışdı. Söhbət o kəslərdən gedir ki, nə qiblələri, nə vətənləri, nə əqidələri bəllidir. Onlar bu günkü Azərbaycanın sabit və abad, xoşbəxt və işgüzar həyatından qidalanıb, qarınlarından artıq, mənəviyyatlarından artıq yeyib, doyub, qaytarırlar. Bu yoxluqlar hətta o qədər ağız-burun bəhəm ediblər ki, məlumatsız, yaxın tarixi bilməyən gənclərə, yeniyetmələrə 90-cı illəri ötüb-keçmiş bəxtəvərlik stansiyası tək təqdim edirlər. Elçibəy İmam Zaman olub, onun iqtidarı haqq-ədalət mücəssəməsi olub, boz qurd quzu ilə otlayıb... və sair və ila axır. Amma əslində necə olub. REAL Təhlil və İnformasiya Mərkəzi Sizi Ən Yaxın Tarixə dəvət edir. O günlərin real şahidi studiyadadı. İlham Ələkbərov. Hərbi operator. 1990-93-cü illərin ən dramatik və maraqlı, ən qanlı və faciəvi kadrlarını lentə alan, düz 26 ildir ki, efirdən kənar qalmış peşəkar. Əvvəlcə bir az söhbət edək.

Və mən Sizinlə Azərbaycan dövlətinin, daha doğrusu onun dayağı olan ordumuzun bu günkü təsvirlərilə vidalaşıram. Şərhsiz. Salamat qalsın!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə