Banklar öncədən xəbər verilmədən yoxlanacaq

Banklar öncədən xəbər verilmədən yoxlanacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti “Bank fəaliyyətinin yoxlanılması Qaydaları”nı təsdiq edib.

REAL-ın məlumatına görə, bu Qaydalar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarda və xarici bankların yerli yoxlamaların təşkili və həyata keçirilməsinin prosedur qaydalarını müəyyən edir.

Hərtərəfli (kompleks) yoxlama bankın ümumi vəziyyətinin, o cümlədən kapital, aktivlər, idarəetmə, gəlir, likvidlik və riskə həssaslıq komponentlərinin qiymətləndirilməsi, habelə onun fəaliyyətinin bank qanunvericiliyinə uyğunluğunu müəyyən etmək üçün bank fəaliyyətinin bütün sahələrini əhatə edən ətraflı yoxlama, məqsədli (tematik) yoxlama isə bankın fəaliyyətinin konkret sahəsinə və ya növünə yönəldilmiş yoxlamadır. Banklarda dövriliyinə görə növbəti və ya növbədənkənar yoxlama, əhatə dairəsinə görə isə hərtərəfli (kompleks) və ya məqsədli (tematik) yoxlamalar aparılır. Növbəti yoxlama hərtərəfli, növbədənkənar yoxlama isə hərtərəfli və ya məqsədli olur. Palata tərəfindən bankların növbəti yoxlanılması ildə bir dəfə aparılır. Növbəti il üçün növbəti yoxlamaların qrafiki hər il noyabr ayının 30-dək Palatanın İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.

Aşağıdakı hallarda Palata tərəfindən banklarda növbədənkənar yoxlamalar aparılır:

- Palataya təqdim edilən prudensial hesabatlara və mənbəyi məlum olan digər məlumatlara əsasən bank aktivlərinin itirilməsi təhlükəsi yarandıqda;

- qanunvericiliyin pozulması faktlarının araşdırılmasına zərurət yarandıqda;

- qarşılıqlı fəaliyyət prinsiplərinə müvafiq olaraq xarici bank tənzimlənməsi və nəzarəti orqanlarının sorğularına, habelə məhkəmənin qüvvəyə minmiş qərarlarına əsasən.

Bu hallardan biri və ya bir neçəsi baş verdikdə, Palatanın bank nəzarəti funksiyasını yerinə yetirən struktur bölməsinin rəhbərinin müraciəti əsasında Palatanın İdarə Heyətinin sədri tərəfindən növbədənkənar yoxlamaların aparılması barədə qərar qəbul edilir. Yoxlamalar Palatanın bank nəzarəti funksiyasını yerinə yetirən struktur bölməsi tərəfindən həyata keçirilir. Zərurət olduqda, yoxlamaya Palatanın digər struktur bölmələrinin mütəxəssisləri cəlb oluna bilər. Palata tərəfindən növbədənkənar yoxlamanın aparılması banka əvvəlcədən yoxlamanın aparılması barədə məlumat verilməklə və ya məlumat verilmədən həyata keçirilə bilər. Bankda aktivlərin kənarlaşdırılması, bank aktivlərinin keyfiyyətini və maliyyə vəziyyətini xarakterizə edən göstəricilərin kəskin pisləşməsi, öhdəliklərin və ödənişlərin icra edilməməsi, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi hallarının araşdırılması, xüsusi seçki hesablarının rejiminə əməl edilməsi məsələləri ilə bağlı növbədənkənar yoxlamalar Palata tərəfindən banka əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilə bilər. Bankın yoxlanılması üçün yoxlama qrupu formalaşdırılır və yoxlama vəsiqəsi ilə rəsmiləşdirilir. Qrupun tərkibi və qrup üzvlərinin sayı yoxlamanın növü, bankın aktivlərinin və görüləcək işin həcmindən asılıdır. Yoxlayıcıların tərkibinə qarşılıqlıq prinsipi əsasında Palatanın nəzarət sahəsində əməkdaşlıq haqqında saziş bağladığı digər ölkənin bank tənzimləməsi və nəzarəti orqanının əməkdaşları da daxil edilə bilərlər.

Yoxlama qrupuna daxil olan şəxslərin yoxlanılacaq banka aidiyyəti olan şəxslər ilə birbaşa və ya dolayı yolla yaxın qohumluq əlaqələri və yoxlanılacaq bankın fəaliyyətindən gəlir əldə etmək maraqları olmamalıdır. Yaxın qohum dedikdə, valideynlər, babalar, nənələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər, ər-arvad, uşaqlar və nəvələr başa düşülür. Yoxlamadan öncə və ya yoxlama zamanı belə əlaqələri və maraqları olan şəxslər Palatanın İdarə Heyətinin məsul üzvü və ya sədrinə məlumat verir, yoxlama qrupunun tərkibindən kənarlaşdırılır, habelə yoxlama haqqında hesabatın həmin şəxslərin iştirakı ilə tərtib edilmiş hissəsi etibarsız hesab edilir. Yoxlama qrupuna onun rəhbəri başçılıq edir. Yoxlama qrupunun rəhbəri növbəti yoxlamanın başlanmasına ən azı 15 təqvim günü qalmış, növbədənkənar yoxlamalarda isə təxirəsalınmadan təyin edilir. Yoxlama qrupunun rəhbəri və ya onun tərəfindən müvəkkil edilmiş şəxs aşağıdakı məsələlər üçün yoxlanılacaq (xəbərdarlıq edilmədən aparılan yoxlamalar istisna olmaqla) bankın icra orqanının rəhbəri və ya müvafiq sahəyə kuratorluq edən şəxs ilə əlaqə yaradır:

- yoxlamanın qrafiki, yoxlamada iştirak edəcək əməkdaşların sayı, habelə yoxlama qrupunun bankda olacağı müddət və yoxlanılacaq sahələr haqqında məlumatların verilməsi;

- əsaslı kadr dəyişiklikləri, bank məhsulları və xidmətlərində dəyişikliklər barədə məlumatların alınması, habelə yoxlama qrupunun bankda olacağı müddətdə məsul və səlahiyyətli əməkdaşların (fəaliyyəti yoxlanılan struktur bölməyə kuratorluq edən İdarə Heyətinin müvafiq üzvləri, fəaliyyəti yoxlanılan struktur bölmənin rəhbərləri və s.) bankda olması barədə məlumat verilməsi;

- yoxlama başlananadək müəyyən məlumatların (maliyyə hesabatları, kreditlərin siyahısı, daxili və kənar auditorun rəyi və s.) hazırlanması.

- Növbəti yoxlamanın başlanmasından ən azı 10 iş günü əvvəl, növbədənkənar yoxlama aparıldıqda isə (xəbərdarlıq edilmədən aparılan yoxlamalar istisna olmaqla) təxirəsalınmadan banka yazılı bildiriş təqdim edilir. Bildirişdə yoxlamanın tarixi, növü və əhatə etdiyi dövr göstərilir. Bankın yoxlanılması yoxlama vəsiqəsi əsasında həyata keçirilir. Yoxlama qrupunun rəhbəri yoxlama vəsiqəsini bankın icra orqanının rəhbərinə və ya müvafiq sahəyə kuratorluq edən şəxsə təqdim edir. Həmin şəxs vəsiqədə onun qəbulunu təsdiqləyən qeyd aparır, imzalayır və surətini yoxlama qrupunun rəhbərinə təqdim edir. Yoxlama qrupunun rəhbəri tərəfindən “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”na müvafiq olaraq növbədənkənar yoxlamalar üzrə yığımların alınması üçün banka yoxlamanın həyata keçirilməsinə dair 2 nüsxədə akt təqdim edilir və akt bankın müvafiq səlahiyyətli şəxsi tərəfindən imzalanır. İmzalanmış aktın bir nüsxəsi yoxlama qrupunun rəhbərinə qaytarılır və qeyd olunan akt əsasında yoxlanılan banka Palata tərəfindən hesab-faktura təqdim edilir. Növbəti yoxlamanın dövriliyi bankda aparılmış son növbəti yoxlamanın başa çatdığı tarixdən növbəti yoxlamaya qədər olan müddət hesab olunur. Bankın yoxlanılması prosesi yoxlama vəsiqəsinin və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın bankın inzibatçısına təqdim olunduğu gündən başlanmış hesab olunur.

Bankın yoxlanılması 45 iş gününədək olan müddətdə həyata keçirilir. Yoxlamaların müddəti Palatanın İdarə Heyətinin sədri tərəfindən 30 iş gününədək uzadıla bilər. Yoxlamalar iş günü və bankın iş vaxtı ərzində keçirilir. Bankın yoxlanılması prosesi yoxlama qrupu tərəfindən imzalanmış yoxlama haqqında hesabatın banka təqdim olunduğu gün başa çatmış hesab olunur. Yoxlama qrupunun üzvləri aşağıdakı hüquqlara malikdir:

- banka, onun filial, şöbə və nümayəndəliklərinə, habelə onun törəmə cəmiyyətlərinə daxil olmaq və onların hesabatlarını, mühasibat kitablarını, sənədlərini, o cümlədən reqlamentini (əsasnamə, qaydalar və prosedurlar) və digər uçot yazılarını əldə etmək, yoxlamaq və onlara dair bankın və onun törəmə cəmiyyətinin inzibatçısı və əməkdaşlarından izahat tələb etmək;

- bankın inzibatçılarından, əməkdaşlarından və agentlərindən həmin qurumların idarə edilməsinə və cari fəaliyyətinə, o cümlədən müştərilərin əməliyyatlarına, mühüm iştirak payına malik olan şəxslər və banka aidiyyəti olan şəxslərə aid istənilən məsələ barəsində bütün lazımi informasiyanı tələb etmək;

- bankdan avtomatlaşdırılmış əməliyyat və idarəedici informasiya sistemlərinə əməliyyat aparma imkanı olmadan baxış rejimində çıxış əldə etmək;

- bankın inzibatçıları və əməkdaşları ilə yoxlanılan məsələlər barədə müzakirələr aparmaq.

Fəaliyyətinin yoxlanılması zamanı bank öz qanuni təmsilçisinin şəxsində aşağıdakı hüquqlara malikdir:

- yoxlama qrupunun üzvlərindən yoxlamanın həyata keçirilməsi üçün əsas sayılan sənədi tələb etmək, onların şəxsiyyətlərini təsdiq edən sənədlərlə tanış olmaq;

- yoxlamaya aid olmayan şəxsləri yoxlamaya buraxmaqdan imtina etmək;

- yoxlamanın nəticələrini yoxlama qrupunun üzvləri ilə müzakirə etmək və onlara dair münasibət bildirmək;

- qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaların nəticələrindən şikayət etmək.

Yoxlama başa çatdıqdan sonra yoxlama qrupu bankın icra orqanının rəhbəri, habelə yoxlamanın əhatə etdiyi sahəyə cavabdeh olan əməkdaşları ilə yoxlama nəticəsində aşkar edilmiş faktlar ilə bağlı yekun müzakirə aparır. Yekun müzakirədə yoxlama zamanı aşkar edilmiş risklərin minimallaşdırılması və səmərəli idarə edilməsi, habelə nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı danışıqlar aparılır. Bankda həyata keçirilən hər bir yoxlamanın nəticələri yazılı şəkildə iki nüsxədə tərtib olunmuş yoxlama haqqında hesabatda əks olunur. Yoxlama haqqında hesabat 45 iş günü başa çatdıqdan sonra 30  təqvim günü ərzində tərtib edilir. Yoxlama haqqında hesabata aşkar olunmuş qanun pozuntuları, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün bank tərəfindən görülməli olan tədbirlər, icra müddətləri və görüləcək tədbirlər üzrə məsul şəxslər barədə təkliflər daxil edilə bilər. Yoxlama haqqında hesabatın bir nüsxəsi yoxlama qrupunun rəhbəri tərəfindən bankın müvafiq inzibatçısına təqdim edilir və ya poçt vasitəsilə çatdırılır. Bank 10 iş günü ərzində yoxlama haqqında hesabatla tanış olur və onu imzalayaraq Palataya təqdim edir. Bank yoxlama haqqında hesabatı almaqdan və (və ya) onu imzalamaqdan bu müddətdə imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama haqqında hesabatda müvafiq qeydlər aparılır.

Yoxlama haqqında hesabatın bankın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması faktı bankın yoxlama haqqında hesabatın məzmunu ilə razılığını bildirmir. Bank yoxlama haqqında hesabatın məzmunu ilə razılaşmadığı halda, yoxlama haqqında hesabatı imzalamaqla və müvafiq qeyd aparmaqla öz izah, irad və etirazını bildirə bilər. Yoxlama qrupu ilə bank arasında yoxlamanın nəticələri barədə fikir ayrılığı və bankın etirazı olduqda Palatada bununla bağlı müzakirələr təşkil oluna bilər. Müzakirələrin nəticələrinə müvafiq olaraq yoxlama haqqında hesabata əlavə və dəyişikliklər edilə bilər.

Palata yoxlamanın nəticələri ilə bağlı yekun qərarını 30 təqvim günü müddətində qəbul edir və bu barədə banka yazılı məlumat göndərir. Yoxlamanın nəticələri üzrə məhkəməyə şikayət verildiyi və məhkəmə qərarları olduğu hallar istisna olmaqla, yoxlama haqqında hesabatla yalnız bankın inzibatçıları və yoxlanılan struktur bölmənin əməkdaşları tanış ola bilər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə