Azərbaycan Avropa Peyk Rabitəsi Təşkilatının Məşvərət Komitəsinə üzv seçilib

Azərbaycan Avropa Peyk Rabitəsi Təşkilatının Məşvərət Komitəsinə üzv seçilib

Parisdə Avropa Peyk Rabitəsi Təşkilatının (EUTELSAT) Tərəflər Assambleyasının 41-ci sessiyası keçirilib. Sessiya çərçivəsində təşkilatın seçkili orqanı olan Məşvərət Komitəsinin yeni tərkibinə seçkilər keçirilib və Azərbaycan Məşvərət Komitəsinə üzv seçilib.

REAL AZƏRTAC-a istinadla xəbər verir ki, Ermənistanın Fransadakı səfirliyinin əməkdaşı təxribata əl ataraq ölkəmizin Məşvərət Komitəsinə üzv seçilməsinə mane olmaq istəsə də, buna nail ola bilməyib. O, Məşvərət Komitəsinə 9 dövlətin seçilməsi qərarının əleyhinə olduğunu bildirib.

“Azərkosmos” ASC və ölkəmizin Fransadakı səfirliyinin apardığı işlərin nəticəsində Tərəflər Assambleyasına sədrlik edən Monako, Məşvərət Komitəsinə sədrlik edən Almaniya və EUTELSAT-ın icraçı direktoru Pyotr Dmoçovski-Lipski Ermənistanın etirazının əsassız olduğunu və tutduğu mövqeyin səbəbinin aydın olmadığını bildiriblər. Ermənistan tərəfinin əsassız səylərinə və cəhdlərinə baxmayaraq, ölkəmiz digər namizədlərlə birgə EUTELSAT ölkələrinin əksər dövlətlərinin dəstəyi ilə Məşvərət Komitəsinə iki il müddətinə üzv seçilib.

Qeyd edək ki, EUTELSAT-ın Məşvərət Komitəsində 2 il müddətlik mövcud vakant yerə 8 üzv seçilir, bunlardan biri daimi olaraq notifikasiya verən ölkə (Fransa) seçilir.

Qurumun 41-ci sessiya çərçivəsində Məşvərət Komitəsinə seçilmək üçün ölkəmizlə yanaşı Türkiyə, Almaniya, Macarıstan, İtaliya, Lüksemburq, Polşa və İsveçrənin namizədlikləri irəli sürülmüşdü. Təşkilatın qaydalarına müvafiq olaraq, Məşvərət Komitəsinə Fransadan əlavə 7 ölkədən çox dövlətin namizədliyi irəli sürülürsə, sessiya sədri namizəd dövlətləri danışıqlara çağırır və rotasiya prinsipi əsasında konsensusun əldə olunmasını təşviq edir.

Tədbirin ilk günü namizəd ölkələr arasında aparılan danışıqların nəticəsi olaraq, komitəyə öncəki dövrdə üzv olan dövlətlərin (İsveçrə və Lüksemburq) rotasiya prinsipi əsasında namizədliklərinin geri çəkmək istəməməsi və əvvəlki seçkilərdə qəbul edilmiş qərarlar nəzərə alınaraq hazırkı sessiyada bütün namizəd ölkələrin Məşvərət Komitəsinə seçilməsi qərarı verilib.

Avropa Peyk Rabitəsi Təşkilatının Tərəflər Assambleyasının 49 ölkənin nümayəndəsinin iştirak etdiyi 41-ci sessiyasında ölkəmizi “Azərkosmos” ASC-nin hüquq departamentinin direktoru İlqar Abdullayev və ölkəmizin Fransadakı səfirliyinin əməkdaşı Suliddin Məmmədov təmsil ediblər.

 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə